Ötən ay Azərbaycana ən çox İran və Mərkəzi Asiya ölkələrindən qonaq gəlib


Digərləri 11 Okt 2019 21:30:45 287 0

Ötən ay Azərbaycana ən çox İran və Mərkəzi Asiya ölkələrindən qonaq gəlib

Sentyabrda Azərbaycanı rekord sayda — 20.8% daha çox qonaq ziyarət edib.

Bakı. Ceyhun Ələkbərov - Sentyabrda Azərbaycanı rekord sayda — 20.8% daha çox qonaq ziyarət edib. Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumat veriblər. Qeyd olunur ki, cari ilin sentyabr ayında ümumilikdə 280 min nəfər Azərbaycan sərhədlərini keçib ki, bu da 2018-ci ilin sentyabr ayına nisbətən 48 min və ya 20.8% çox xarici vətəndaş deməkdir. Ən yüksək artım İran və Mərkəzi Asiya ölkələrindən qeydə alınıb. İran üzrə artım 33 minlə iki dəfə, Mərkəzi Asiya ölkələri üzrə isə 88% qeydə alınıb. Gələn əcnəbilərin 6.7 min və ya 13% çoxu Gürcüstanın, 5.3 min və ya 8% çoxu Rusiyanın payına düşür. Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən il ilə müqayisədə 231.8% artım deməkdir. Cənubi Asiya ölkələri arasında Hindistandan (83.7% və ya 3 min), Yaxın Şərq ölkələri arasında isə Səudiyyə Ərəbistanından (96.1% və ya 3.8 min) gələn qonaqlar arasında kəskin artım müşahidə olunur.