Ölkədə Çin texnologiyası əsasında becərilmiş pambığın yığımına start verilib


Digərləri 11 Okt 2019 16:57:00 327 0

Ölkədə Çin texnologiyası əsasında becərilmiş pambığın yığımına start verilib

Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasında Çin texnologiyası ilə əkilən pambıq sahəsində yığıma start verilib

Bakı. İlhamə İsabalayeva - Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasında Çin texnologiyası ilə əkilən pambıq sahəsində yığıma start verilib. Nazirlikdən Trend-ə bildirilib ki, Kənd təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Ucar rayon İcra Hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Azərbaycan Dövlət Aqrar Universitetinin, pambıqçılıq üzrə ixtisaslaşmış rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, həmçinin pambıq tədarükü məntəqələrinin rəhbərləri, çinli mütəxəssis Dey Xun Vi və pambıqçı fermerlərin iştirakı ilə pambıq sahəsinə baxış keçirilib. Kənd Təsərrüfatı naziri İnam Kərimov pambıq sahəsində məhsuldarlıqla bağlı çinli mütəxəssislər və yerli fermerlərlə fikir mübadiləsi aparıb. Daha sonra Şirvan Təcrübə Stansiyasının torpaq sahəsində Çinə məxsus innovativ texnologiya əsasında əkilən pambığın kombaynla yığım prosesinə start verilib. Kənd Təsərrüfatı naziri İnam Kərimov 57 yaşlı qadın mexanizator Gülsurə İbadovanın idarə etdiyi kombaynda yığım prosesini izləyib. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bu il pambıq becərilməsi zamanı aqrotexniki qulluq qaydalarına daha düzgün riayət edildiyini, gübrə təminatının vaxtında həyata keçirildiyini bildirib. Bu amillərin məhsuldarlığa müsbət təsir göstərəcəyini deyən şöbə müdiri deyib ki, nazirlik tərəfindən 2019-cu ildə də pambıqçılıq sahəsində müasir innovativ üsullar tətbiq olunub. Ucar rayonu ərazisində 10 hektar sahədə Çin texnologiyası əsasında müasir üsullarla pambıq əkini həyata keçirildiyini deyən İmran Cümşüdov sınaq əkinlərinin uğurlu nəticə verdiyini deyib. Onun sözlərinə görə, həmin sahənin hər hektarından 70-80 sentner məhsul götürüləcəyi proqnozlaşdırılır. Bildirilib ki, ənənəvi əkin və becərmə üsullarından fərqli olaraq Çin texnologiyası əsasında becərilən 10 hektarlıq sahə lazer mala ilə hazırlanıb. Hazırda Çində tətbiq edilən bu texnologiyanın üstünlükləri ondan ibarətdir ki, lazer malalama torpağın təkrar şoranlaşmasının qarşısını alır, suya qənaət olunur, toxumların bərabər səviyyədə çıxmasına şərait yaradır, nəticədə məhsuldarlıq artır. Yeni sistemin texniki üstünlüyü ondan ibarətdir ki, bir gedişlə 3 əməliyyatı (çiyidin səpilməsi, damcılı suvarma borusunun sərilməsi, polietilen örtüyün açılması) yerinə yetirmək mümkündür. Eyni zamanda yeni innovativ texnologiya hər hektara düşən bitki sıxlığının çox olması ilə fərqlənir. Belə ki, Çin texnologiyası əsasında cərgəarası 90 santimetr olmaqla, hər hektarda 200-220 min toxum səpilir. İndiyədək ənənəvi üsulla aparılan əkində isə hər hektarda 100-110 min toxum səpilirdi.