DTX-nin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirilib


Digərləri 10 Okt 2019 20:17:36 402 0

DTX-nin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Bakı. İnsan Hüquqları üzrə Müvəkkilin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələblərinə uyğun təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub. Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, tibbi yardım, gəzinti, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb. Bu məqsədlə müəssisədə saxlanılan təqsirləndirilən şəxslər təsadüfi seçim əsasında fərdi qaydada qəbul edilib. İnternet səhifələrində qida qəbul etməməsi ilə bağlı barəsində məlumat yayılan Polad Aslanov da fərdi qəbul edilib və görüş zamanı o, qida qəbul etdiyini bildirilib. Qəbul edilən şəxslərin müraciətləri dinlənilib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah olunub, bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə Ombudsmanın səlahiyyətləri çərçivəsində hüquqi məsləhətlər verilib.