Böyük Britaniyanın beş naziri Brexitə görə postlarını tərk edə bilər


Dünya 09 Okt 2019 15:50:00 269 0

Böyük Britaniyanın beş naziri Brexitə görə postlarını tərk edə bilər

Böyük Britaniya Nazirlər Kabinetinin beş üzvü ölkənin Avropa İttifaqını Brexit şərtləri barədə saziş olmadan tərk etməsi təhdidlərinin artması fonunda öz postlarını tərk edə bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, burada Şimali İrlandiya Məsələsi üzrə nazir Culian Smit, Rəqəmsal Texnologiyalar, Mədəniyyət, Kütləvi İnformasiya Vasitələri və İdman naziri Niki Morqan, Ədliyyə naziri Robert Baklend, Səhiyyə və Sosial Məsələlər naziri Mett Henkok və İngiltərə və Uelsin Baş prokuroru Ceffri Koksdan söhbət gedir.

Onların istefası barədə məsələ hökumət üzvlərinin Şimali İrlandiyada uzun müddət davam edən münaqişəyə son qoyan 1998-ci il Belfast sazişinin pozulması barədə ciddi risklər barədə Boris Consona müraciətləri və həmçinin Baş Nazirin məsləhətçisi Dominik Kamminqs barədə şübhələrdən sonra gündəmə gəlib.

Xatırladaq ki, 2016-cı ilin iyununda Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çıxmasına səs vermişdi.

Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra - 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Avropa İttifaqı Brexit prosesini oktyabrın 31-nə təxirə salmağa razılıq verib, Tereza Mey vəziyyəti dalandan çıxara bilməyərək istefa vermək məcburiyyətində qalıb. Onun yerini isə Brexit prosesinin yenidən təxirə salınmasına yol verməyəcəyini və Brüsselin Londonun tələbi ilə razılaşmayacağı təqdirdə ölkəsini Avropa İttifaqından sazişsiz çıxaracağını vəd edən Boris Conson tutub.