Balıqçıları sivil balıq tutmağa səsləyən yeni təşəbbüs: "Brakonyerliyə son" (FOTO)


Digərləri 06 Okt 2019 20:23:47 244 0

Balıqçıları sivil balıq tutmağa səsləyən yeni təşəbbüs:  "Brakonyerliyə son" (FOTO)

Azərbaycanın Həvəskar Balıqçılar İttifaqı ilə birgə "Brakonyerliyə son" devizi altında ilk dəfə keçirilən həvəskar balıq ovu turniri Abşeron Milli Parkında baş tutub

Bakı.Ilhamə Isabalayeva - Yəqin ki, xaricə gedənlər həvəskar balıqçıların açıq şəkildə dəniz kənarında balıq tutduğunu görüblər. Demək olmaz ki, bu, həmin ölkələrin balıqların ovlanmasına nəzarətsiz yanaşmasının və ölkənin balıq ehtiyatının tənzimlənməsinə laqeyd münasibət göstərməsinin nəticəsidir. Sadəcə olaraq, ölkə balıqçılara balıq ovu üçün şərait yaradır, balıqçılar isə bu qaydalara sivil şəkildə əməl edərək qanunla icazə verilən ərazilərdə, vaxtlarda və alətlərlə balıqlarını tuturlar. Belə sivil qaydaların Azərbaycanda da mövcud olmasına baxmayaraq, təəssüf hissi ilə belə sivil balıqçılarımızın ölkəmizdə kifayət qədər olmadığını da deməliyik. Çünki həvəskar balıq ovlamaq istəyənlər daha çox brakonyerliyə can atmaqla yanaşı, qadağan olunmuş alətlərlə də balıq ovlayırlar. Belə "ovçu"ların arasında hətta suya cərəyan buraxaraq balıq ovlayanlar da olur. Bunun qarşısını almağa çalışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkədə sivil balıq ovunun təbliğat və təşviqatı üçün maraqlı bir turnur keçirib. Azərbaycanın Həvəskar Balıqçılar İttifaqı ilə birgə "Brakonyerliyə son" devizi altında ilk dəfə keçirilən həvəskar balıq ovu turniri Abşeron Milli Parkında baş tutub. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnirin məqsədi brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarını təbliğ və təşviq etməkdir . Turnirdə 50-dən çox həvəskar balıqçı iştirak edib. Abşeron Milli Parkının direktoru Etibar İbrahimov Trend-ə bildirib ki, qadağan olunmuş vasitələrlə balıq ovlayanlar su canlılarının kütləvi məhvinə səbəb olaraq onların artımının qarşısını alırlar:"Balıq populyasiyasının artırılması üçün yetişdirilmiş balıq körpələri su hövzələrinə buraxılır. Amma vandal üsulla balıq ovlayanlar bu artımın qarşısını alırlar. Bəlkə də belə vandal üsullarla ov edənlərin sayı ölkədə minlərlədir. Deməli, belələri ilə mübarizə təkcə bir qurumun üzərinə düşməməlidir. Daha yaxşı nəticə əldə etmək üçün ictimaiyyətin də bizə dəstək verməsi vacibdir. İstəyirik ki, hər kəs icazəsiz vasitələrlə balıq ovlayanlara iradlarını bildirsin, vətəndaş mövqeyi nümayiş etdirsin. Həvəskar balıqçılar üçün keçirilən bu tədbirin də məqsədi ölkədə sivil balıq ovlanması mədəniyyətini formalaşdırmaq, qaydalar çərçivəsində balıq ovlanmasını təşviq etməkdir". Azərbaycanın Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev Trend-ə bildirib ki, bəziləri sosial şəbəkələrdə torlarla, cərəyanlarla balıq ovlayanlar barədə video və şəkillər paylaşaraq belə hallara görə ETSN-ni ittiham edir:" Buna qarşı mübarizə aparmaq təkcə nazirliyin işi deyil, hamımız bu işdə birgə mübarizə aparmalı, brakonyerlərə qarşı mövqeyimizi bildirməliyik. Bu, hər kəsin vətəndaşlıq borcudur".