Berni Sanders prezident debatlarında iştirak etməyi planlaşdırır


Dünya 04 Okt 2019 19:19:00 259 0

Berni Sanders prezident debatlarında iştirak etməyi planlaşdırır

Xəbər verildiyi kimi, oktyabrın 2-də ABŞ prezidentliyinə namizəd irəli sürülmək iddiasında olan Berni Sandersin bir arteriyasında tıxanma aşkar edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Las-Veqas xəstəxanasına yerləşdirilən senator burada seçkiqabağı kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib.

Daha əvvəl senatorun nümayəndəsi Ceff Uiver mətbuata açıqlamasında bildirib ki, həkimlər ona iki stent qoyublar. Sanders ürəyində bir qədər narahatlıq hiss edib. Lakin o, senatorun ürək tutması keçirib-keçirmədiyi barədə məlumat verməyib. Kaliforniya və Ayovada Sandersin seçkiqabağı kampaniyası ilə əlaqədar bütün tədbirlər ləğv edilib.

Senatorun xanımı Ceyn Sanders cümə axşamı Berninin əhvalının yaxşı olduğunu bildirib. O deyib ki, senator gününün çox hissəsini heyətlə siyasət haqqında danışaraq keçirib, tibb bacıları və həkimlərlə zarafat edib, ailə üzvləri ilə telefonla danışıb. Həkimlər Sandersin vəziyyətindən razıdırlar və hər hansı əlavə prosedurun keçirilməsinə ehtiyac yoxdur. Berni Sanders tezliklə xəstəxanadan evə buraxılacaq. Ceyn Sanders fikrini bu sözlərlə tamamlayıb: "Ona bir neçə gün istirahət etmək lazımdır. O, oktyabrda keçiriləcək debatları səbirsizliklə gözləyir".