Erməni təxribatına “Qarabağ”dan layiqli cavab


Digərləri 04 Okt 2019 12:33:00 283 1

Erməni təxribatına “Qarabağ”dan layiqli cavab

Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasında növbəti oyununda Lüksenburqda “Düdelanj” komandası üzərində 4:1 hesabı ilə parlaq qələbə qazanıb.

Ermənilər həmişə olduğu kimi, bu dəfə də “Qarabağ”ın oyunu zamanı növbəti təxribata əl ataraq dron vasitəsilə stadiona qondarma “Dağlıq Qarabağ Respublikası"nın "bayrağı"nı gətiriblər. Onlar çox yaxşı bilirlər ki, "Qarabağ" hər yerdə Azərbaycanı təmsil edir, Qarabağ Azərbaycan deməkdir. Ona görə də onlar "Qarabağ"ın oyunları zamanı belə təxribatlar törədirlər. "Qarabağ" komandasının rəhbərliyi, azarkeşləri bu təxribata öz kəskin etirazlarını bildirərək oyunu dayandırıblar. Sonra oyun davam etmişdir. AFFA ermənilərin bu təxribatına görə UEFA-ya müraciət edib. Bunu trend-ə millət vəkili Rauf Əliyev deyib. O, Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasında növbəti oyununda “Düdelanj” komandası üzərində 4:1 hesabı ilə parlaq qələbə qazanması münasibətilə komandanın rəhbərliyini, məşqçi heyətini, komanda üzvlərini təbrik edib və onlara növbəti oyunlarda qələbələr arzulayıb: "Ermənilərin bu növbəti təxribatı göstərir ki, onlar əllərinə düşən bütün fürsətlərdən yararlanmaq istəyirlər. Ancaq artıq bilməlidirlər ki, Azərbaycan çox dəyişib. Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, beynəlxalq nüfuza malik bir dövlətə çevrilib. Artıq Ermənistandan başqa dünyanın hər yerində Qarabağın əzəli Azərbaycan torpaqları olması qəbul edilib. Bütün bu uğurlar dövlət başçımız möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində əldə olunub.