Nazir: 2500-ə qədər şəxsin əlilliyi saxta olduğu üçün ləğv olunub


Digərləri 04 Okt 2019 11:48:00 266 0

Nazir: 2500-ə qədər şəxsin əlilliyi saxta olduğu üçün ləğv olunub

2500-ə qədər şəxsin əlilliyi saxta olduğu üçün ləğv olunub

Bakı. İlhamə İsabalayeva - Bu il ərzində 2500-ə qədər şəxsin əlilliyi saxta olduğu üçün ləğv olunub. Bunun nəticəsində dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət təqdim edilib. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, müxtəlif istiqamətlər üzrə saxtakarlıq hallarına qarşı mübarizə aparılır. Pensiya sistemində vəfat etmiş şəxslər, saxta yolla pensiya əldə etmiş şəxslərlə bağlı mütəmadi olaraq monitorinq aparılır və onların pensiya təminatı dayandırılır. S.Babayev əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı sosial yardımla bağlı da monitorinqlər davam edir: "Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində - hələlik səyyar yoxlamalar aparılmayıb - saxta yollarla ünvanlı sosial yardım əldə edən və ya buna çalışan şəxslərlə müxtəlif tədbirlər görülür. Bu gün Azərbaycanda 70 mindən çox ailə, yəni 270 mindən çox insana ünvanlı sosial yardım verilir. Bu yardımların orta məbləği 200 manatdan çoxdur. Bu məbləğ il ərzində artır. Lakin ünvanlı yardım insanların işləməməsi üçün stimul olmamalıdır. Tam əmək qabiliyyətli, hər hansı bir üzrlü səbəb olmadan işləməyən insanların işləməsi məcburi sayılır. Çox təəssüf ki, bu istiqamətdə bəzi işbazlar saxta əmək müqavilələri əldə etməyə çalışırlar. Məlum olub ki, bəzi şirkətlərin onlarla, bəzən isə yüzlərlə ünvanlı sosial yardım alan işçisi var. Bu işçilərlə əmək müqaviləsi imzalanıb".