Şirkət vitseprezidenti Ruslan İbrahimovun oğlunu 3 saat qovandan sonra tuta bildilər


Dünya 03 Okt 2019 20:09:00 282 0

Şirkət vitseprezidenti Ruslan İbrahimovun oğlunu 3 saat qovandan sonra tuta bildilər

Rusiyanın ən iri mobil rabitə operatorlarından olan MTS-in vitse-prezidenti Ruslan İbrahimovun 25 yaşlı oğlunu polis Moskva küçələrində 3 saat qovandan sonra tuta bilib.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, 25 yaşlı Alan İbrahimov idarə etdiyi qırmızı rəngli BMW avtomobilində yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Bu zaman Yol Patrul Xidmətinin əməkdaşları ondan avtomobili saxlamağı tələb edib. Lakin biznesmen oğlu dayanmayıb və Moskva küçələrində polislə "qaçdı-tutduya" çıxıb. Bir neçə patrul avtomobili onu saatlarla təqib edib, nəhayət avtoxuliqanı həyətlərdən birinə sıxışdıraraq saxlaya biliblər.

Alan İbrahimov yenə tabe olmayıb və bu dəfə avtomobilin qapılarını içəridən kilidləyərək çıxmaqdan imtina edib. Polislər avtomobilin şüşələrini sındırıblar və Alan İbrahimovu, onunla birlikdə avtomobildə olan tanışını zorla düşürüblər, yerə uzadıb əllərini qandallayıblar. Bu zaman İbrahimov müqavimət göstərməyə çalışıb.

"Mən sizin qarşınızda çox utanıram, atamın qarşısında utanıram, son ana qədər "papaya" zəng vurmaq istəmədim. İstəmirəm "papa" gəlsin.  Bağışlayın, zəhmət olmasa, kimnlə danışmaq olar? Mən həmişə məsələləri onsuz həll etməyə çalışmışam. Onların qarşısında utanıram. Atamın və anamın qarşısında utanıram",-Alan İbrahimov saxlanılarkən deyib.

Bəzi məlumatlara görə MTS vitse-prezidentinin oğlu narkotikin təsiri altında olub, onun avtomobilindən narkotik maddə, tapança, patronlar və siqnal tapançası tapılıb.