“Meyit kəsəndə musiqiyə qulaq asıram...”


Dünya 03 Okt 2019 17:49:00 260 0

“Meyit kəsəndə musiqiyə qulaq asıram...”

İstanbulun sakit məhəllərindən birində salınmış ağaclıqda irəliləyib divarları müşahidə kameralarıyla dolu krem rəngli malikanəyə çatıram.

Bir il əvvəl - 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanından olan jurnalist Camal Kaşıkçı (Jamal Khashoggi) eyni yolla öz ölkəsinin konsulluğuna gəlmişdi. Həmin gün müşahidə kameralarına düşən kadrlar onun son canlı görüntüsüdür.

Keçən il oktyabrın 2-də Camal Səudiyyə Ərəbistanının konsulluğuna daxil olub və onu öldürmək üçün gələn xüsusi qrup tərəfindən qətlə yetirilib.

Türkiyənin xüsusi xidmət orqanları konsulluqda dinləmə cihazları quraşdırıblar. Ona görə qətl planının hazırlanması və icrası əvvəldən axıra qədər qeydə alınıb. Bu səs yazısını cəmi bir neçə nəfər dinləyib. Onlardan ikisi materialın məzmunu haqda BBC Panorama-ya danışmağa razılıq verib.

Britaniyalı vəkil, baronessa Helena Kennedi Camal Kaşıkçının öldürülərkən baş verənləri dinləyib.

"Birinin qorxu dolu səsini dinləmək və bunun real həyatda baş verdiyini bilmək tükürpədicidir. Adamın bütün bədəni titrəyir" deyə Helena Kennedi etiraf edir.

Kaşıkçının öldürülməsi anındakı audioyazını dinləyən az sayda insanlardan biridir.

Son.az virtualaz-a istinadən xəbər verir ki, Helena Kennedi Səudiyyə Ərəbistanından olan qatillərin danışıqlarını detallı şəkildə qeydə alıb.

"Onların gülüşü eşidilir. Ancaq axı, bu, qorxulu işdir. Orda durub gözləyirlər, bilirlər ki, indi içəri daxil olacaq adamı öldürüb meyitini parçalayacaqlar", - baronessa deyir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məhkəmədənkənar qətllərlə bağlı xüsusi məruzəçisi Anyes Kalamarın rəhbərlik etdiyi beynəlxalq ekspertlər qrupuna Kennedini də dəvət ediblər.

Anyes Kalamar mənə demişdi ki, BMT çərçivəsində beynəlxalq cinayət araşdırması cəhdləri boşa çıxdıqdan sonra qəti qərara gəlib ki, öz mandatından Kaşıkçının ölümünü araşdırmaq üçün istifadə etsin.

Tərcüməçiylə birlikdə konsulluqdakı dinləmə cihazlarının qeyd etdiyi audioyazıya qulaq asmaq üçün Kalamar Türkiyə kəşfiyyatını bir həftə dilə tutmalı olub.

"Sui-qəsdin əvvəlcədən planlaşdırıldığını sübut etməyimə kömək etmək üçün Türkiyə tərəfi o yazıya qulaq asmağıma şərait yaratdı", - Kalamar deyir.

Anyes Kalamara və Helena Kennediyə hadisələrin baş verdiyi iki gün ərzində qeydə alınmış səs yazılarının 45 dəqiqəsini dinləməyə icazə verilib.

Camal Kaşıkçı İstanbula bir neçə həftə əvvəl gəlibmiş. Yaxın Şərqdəki avtoritar rejimlərin ölkədən qovduğu dissidentlər, bu rejimlərin tənqidçiləri və opponentləri çox vaxt yaşamaq üçün məhz İstanbulu seçirlər.

Həyat yoldaşından ayrılmış 4 uşaq atası, 59 yaşlı Kaşıkçı yenicə Hatice Cengizlə - doktorluq dissertasiyası yazan türkiyəli xanımla nişanlanmışdı.

Onlar kosmopolit İstanbulda yaşamaq qərarına gəlmişdilər, amma evlənmək üçün boşanma sənədini əldə etmək lazım olub.

Camal və Xədicə sentyabrın 28-də İstanbul bələdiyyələrindən birinə müraciət etmiş, cavabında onlara nikaha girmək üçün Kaşıkçının boşanmış olması haqda konsulluqdan sənəd alınmasının vacibliyi bildirilmişdi.

"Bizim başqa çarəmiz qalmadı, axı, Camal öz ölkəsinə gedə bilmirdi", - kafedə oturub söhbətləşdiyimiz Hatice Çingiz deyir.

Kaşıkçı əvvəldən siyasi mühacir olmayıb. Mən onunla 15 il əvvəl, Səudiyyə Ərəbistanının Londondakı konsulluğunda tanış olmuşdum. Onda Camal Səudiyyə idarəetməsinin mərkəzində idi - səfir köməkçisi vəzifəsində çalışırdı və gözəl nitq qabiliyyəti vardı.

Onda biz "Əl-Qaidə"nin yenicə törətdiyi terror hadisələri haqqında danışmışdıq. Kaşıkçı təşkilatın rəhbəri Üsamə ibn Ladeni şəxsən tanıyırdı, onların tanışlığı bir neçə on il əvvəl başlamışdı. Hətta bir zamanlar Camal "Əl-Qaidə"nin Yaxın Şərqdəki avtoritar rejimləri yıxmaq planını anlayışla qarşılayırdı. Ancaq sonralar onun həyata baxışları liberallaşdı və və aktiv şəkildə demokratiyanı müdafiə etməyə başladı.

2007-ci ildə Kaşıkçı ölkəsinə qayıdıb və hökumətyönlü "Əl-Vətən" qəzetinə rəhbərlik edib. Ancaq üç il sonra "Səudiyyə cəmiyyətində müzakirəsinə icazə verilən mövzuların sərhədlərini genişləndirdiyi üçün" vəzifəsindən kənarlaşdırılıb.

2011-ci ildəki "ərəb baharından" ilhamlanan Kaşıçkı repressiv və avtoritar hesab etdiyi Səudiyyə rejiminə qarşı ictimai çıxışlar etməyə başlayır. 2017-ci ildə onun məqalələrinə rəsmən qadağa qoyulur, Camal könüllü şəkildə ölkəni tərk edib ABŞ-a gedir. Arvadını ondan boşanmağa məcbur edirlər.

Amerikada Kaşıkçı "Washington Post" qəzetində köşə yazıları və məqalələr yazır.

"O, Səudiyyə Ərəbistanında qəzet redaktoru olanda "qırmızı xətləri" keçirdi. Düşündüklərini yazdığı üçün tez-tez problemlərlə üzləşirdi" - Jamal-ın dostu, "Washington Post"un jurnalisti və köşə yazarı David Ignatius belə deyir.

Kaşıkçının əsas tənqid hədəflərindən biri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman olub.

Qərb ölkələrində ibn Salmanın xeyli tərəfdarı olub. Bir çoxları onu islahatçı, modernist, gələcəyə yeni baxışı olan lider hesab edib.

Ancaq Səudiyyə Ərəbistanında şahzadə tənqidi fikirlərə qarşı kəskin ciddi mübarizə aparıb. Kaşıkçı "Washington Post"da bu haqda yazıb.

Vəliəhd şahzadəyə isə belə imic lazım deyildi.

"Məncə, ibn Salmanı ən çox qıcıqlandıran bu idi, ona görə məsləhətçilərindən xahiş edirdi ki, "Camal problemini" həll etmək üçün bir şey fikirləşsinlər"- tez-tez Səudiyyə Ərəbistanında olan və Ər-Riyadın siyasəti haqqında yazan David Ignatius belə deyir.

Kaşıkçının İstanbula gəlməsi şahzadənin məsləhətçilərinə problemi, nəhayət ki, həll etmək fürsəti qazandırır.

Kaşıkçı ilk dəfə konsulluğa gedəndə Hatice Cengiz onu küçədə gözləyib. Ordan yaxşı ovqatla çıxan Camal Haticeye deyib ki, bura gəlməsi konsulluq işçilərini təəccübləndirib, ona çay və qəhvə təklif ediblər.

"Camal dedi ki, qorxulu bir şey yoxdur. O, vətəni üçün çox darıxırdı, tanış mühit onun əhvalını yüksəltmişdi", - Cengiz belə deyir.

Konsulluqda Kaşıkçıya deyiblər ki, bir neçə gün sonra yenidən gəlsin.

Ancaq o, bayıra çıxan kimi Ər-Riyada zəng vurublar - Türkiyə kəşfiyyatınını səsyazma cihazı bu danışığı qeydə alıb.

Anyes Kalamar: "Maraqlıdır ki, telefon danışığı zamanı Kaşıkçı haqqında axtarışda olan şəxs kimi danışıblar".

Ehtimal olunur ki, konsulluq işçiləri birinci dəfə şahzadənin nüfuzlu məsləhətçisi, "vəliəhd şahzadənin kommunikasiya ofisinin" rəhbəri Saud əl-Qahtaniylə əlaqə saxlayıblar.

"Kommunikasiya ofisindən biri əməliyyatın keçirilməsinə icazə verib. Ona görə də deyə bilərik ki, hadisənin bu ofisə aidiyyatı varsa, deməli, Saud əl-Qahtaniyə də aidiyyatı var", - bunu da Kalamar deyir.

Hüquq müdafiəçisi bildirir ki, "Onun adı Səudiyyə Ərəbistanında bir neçə nəfərə qarşı kampaniyalarda da hallanıb".

Saud əl-Qahtanini dissidentləri, o cümlədən, rəsmi icazəyə qədər avtomobil idarə edən qadınları həbs etdirib işgəncə verməkdə də ittiham edirlər. Bundan başqa, hesab olunur ki, rejimə qarşı xəyanətdə şübhəli bilinən Səudiyyə varlılarının tutulub saxlanmasına da o cavabdehdir.

Kaşıkçı öz məqalələrində yazırdı ki, əl-Qahtani vəliəhd şahzadə üçün dissidentlərin "qara siyahısını" hazırlayır.

"Bəlli bir məqamdan sonra əl-Qahtani gizli əməliyyatlarla da məşğul olmağa başlayıb. Bu, məsləhətçinin işinin bir hissəsinə çevrilib, hansını ki, böyük qəddarlıqla yerinə yetirib" - əl-Qahtaninin fəaliyyətini araşdıran Ignatius belə deyir.

Sentyabrın 28-də konsulluq və Ər-Riyad arasında ən azı dörd telefon danışığı olub. Onlardan birində Xarici İşlər Nazirliyinin təhlükəsizlik xidmətinin rəhbəri baş konsula "milli borc" adlandırdığı əməliyyatın planlaşdırması haqqında məlumat verir.

"Mən qətiyyən şübhə etmirəm ki, bu, yuxarıların rəhbərliyi altında və detallı şəkildə hazırlanmış plan olub. Bu, nə kiminsə improvizasiyasıdır, nə də özfəaliyyəti", - Kennedi hesab edir.

Oktyabrın 1-də, günorta saatlarında Səudiyyə Ərəbistanının üç kəşfiyyatçısı İstanbula gəlib. Onlardan ikisinin vəliəhd şahzadənin administrasiyasında çalışdığı bildirilir.

Anyes Kalamar onların kəşfiyyat məqsədilə gəldiyini düşünür:

"Ola bilsin, həmin şəxslər konsulluğun binasına baxış keçiriblər, nəyin mümkün, nəyin qeyri-mümkün olduğunu müəyyənləşdiriblər".

Bosfor boğazına baxan kölgəli terrasda Türkiyə kəşfiyyatının keçmiş rəhbəri, 27 il xüsusi xidmət orqanlarında çalışmış Mətin Ərsözlə görüşürəm.

Səudiyyə Ərəbistanı üzrə mütəxəssis olan Ərsöz deyir ki, Məhəmməd İbn Salman vəliəhd şahzadə olandan sonra krallığın kəşfiyyat orqanları daha inadlı və aqressiv fəaliyyətə başlayıblar.

"Onlar insanları oğurlamağa və dissidentlərə təzyiq göstərməyə başladılar. Kaşıkçı təhlükəni çox gec gördü, buna görə də həyatını itirdi", - Mətin Ərsöz deyir.

Oktyabrın 2-də gecə İstanbul aeroportuna içində 8 sərnişin, o cümlədən, məhkəmə eksperti və patoloqoanatom Salah əl-Tubeyginin olduğu şəxsi təyyarə enir.

Həmin şəxslərin bioqrafiya və fəaliyyət sahələrini araşdıran Kalamar bu qənaətə gəlib ki, gələnlər məhz qatillər olub.

Kalamar deyir ki, "əməliyyat dövlət qulluqçuları tərəfindən həyata keçirilib, onlar öz xidmət sahələri çərçivəsində hərəkət ediblər".

Ərsöz bu səviyyədə xüsusi əməliyyat üçün Səudiyyə Ərəbistanı kralının və ya vəliəhd şahzadənin razılığının tələb olunduğunu bildirir.

İstanbula gəlmiş qrup "Mövenpick" otelinə yerləşib. Bu oteldə həmişə xeyli qonaq olur, personal onlara xüsusi diqqət ayırmır, amma ordan Səudiyyə konsulluğuna ayaqla cəmi 5 dəqiqəyə çatmaq olur.

Səhər təxminən 10 radələrində xarici müşahidə kameraları İstanbula gəlmiş səudiyyəlilərdən birinin konsulluğa daxil olmasını qeydə alıb.

Görüntünü analiz edən Kennedi belə nəticəyə gəlib ki, bu şəxs əməliyyata yerində rəhbərlik edən Maher Əbdüləziz Mutrebdir.

Vəliəhd şahzadəni xaricə səfərlərində müşayət edənlər arasında tez-tez Mutreb də olub, ancaq o, həmişə kölgədə qalmağa çalışıb.

Kennedi deyir ki, "Mutrebin və baş konsulun telefon danışıqlarında Kaşıqçının çərşənbə axşamı gələcəyi qeyd olunub".

Bir az sonra Kaşıkçıya zəng vurub deyirlər ki, gəlib sənədi götürə bilər.

O və Cengiz konsulluğa çatana qədər Mutreb və Salah əl-Tubeygi arasında dəhşətli telefon söhbəti olub.

Kennedi həmin söhbəti belə təsvir edir:

"Əl-Tubeygi meyitləri necə yarmasından danışır. Mutrebin və onun güldüyü eşidilir. Əl-Tubeygi deyir ki, meyit kəsəndə, adətən, musiqiyə qulaq asır. Bəzən əlimdə qəhvə fincanı və siqar olur".

Kennedinin sözlərinə görə, telefon danışığından doktorun az sonra hansı işlə məşğul olacağını bildiyi məlum olur.

"Ömrümdə birinci dəfə (meyiti) yerdə kəsməli olacam. Hətta qəssab da olsan, kəsmək üçün cəmdəyi asmalısan", - səudiyyəli məhkəmə eksperti belə deyib.