Azərbaycanda 6111 nəfər IIVə yoluxub, kişilərin sayı daha çoxdur


Digərləri 03 Okt 2019 15:04:00 246 0

Azərbaycanda 6111 nəfər IIVə yoluxub, kişilərin sayı daha çoxdur

"2018-ci ilin sonuna olan məlumata əsasən, Azərbaycanda 6111 nəfər IIV-ə yoluxmuş insan var. Onların 4320-si kişi, 1791-i qadındır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Sağlamlığın Qorunması" İctimai Birliyinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "QİÇS-ə birlikdə qalib gələk" adlı tədbirdə çıxış edən "Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri Yazgül Abdiyeva bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin 43,8 faizi inyeksiyon narkotik istifadəsi nəticəsində bu virusa yoluxub.

Dünyada IIV infeksiyası ilə yaşayan 37,9 milyon insanın olduğunu xatırladan Y.Abdiyeva əlavə edib ki, bir çox insanlar ya ictimai qınaqdan, yaxud da maddi imkansızlığını əsas gətirərək IIV-ə görə müayinədən keçmir. Halbuki ilkin diaqnoz xəstəliyin müalicəsi üçün mühüm rol oynayır.

Y.Abdiyeva bildirib ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromu İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsidir:

"QİÇS xəstəliyi zamanında aşkarlanmasa və müayinə olunmasa, sonda ölümlə nəticələnir. İnsanlar arasında ölüm riskinin azaldılması üçün maariflənməyə böyük ehtiyac var. QİÇS-in profilaktikası hər bir insanın şəxsi işi olmalıdır. Bunun üçün isə məlumatlılıq artmalı və insanlar öz sağlamlığının qeydinə qalmalıdırlar . Bu məqsədlə "Sağlamlığın Qorunması" İctimai Birliyi "QİÇS-ə birlikdə qalib gələk" devizi altında aksiya keçirir. Aksiyanın məqsədi gənclərin QİÇS-ə qarşı məlumatlılığını artırmaq və ilkin müayinənin həyat üçün əhəmiyyətini izah etməkdir".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Ata Babayev deyib ki, ali təhsil müəssisələri arasında belə bir aksiya ilk dəfə bu universitetdə keçirilir.

Gənclərin sağlamlığının dövlətimiz üçün çox vacib olduğunu nəzərə çatdıran prorektor gənclərə özlərini zərərli infeksiyalardan qorumağı tövsiyə edib.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Qənirə Paşayeva deyib ki, sağlamlığın qorunması üçün insan ilk növbədə özü özünün həkimi olmalıdır.

Onun sözlərinə görə, gənclər sağlamlıqlarını qorumaq üçün maarifləndirici aksiyalarda, tədbirlərdə iştirak etməkdə maraqlı olmalıdırlar. Gənclər öyrəndikləri tibbi bilikləri ətrafdakılara da öyrətməlidirlər:"Tibbi biliklərlə bağlı internetdə kifayət qədər məlumatlar var. Bu biliklər həm gənclərin özlərinin, həm də yaxınlarının sağlamlığının qorunmasına kömək edər. Gəlin, QICS-lə mübarizədə birlikdə olaq.

(adsgarden = window.adsgarden || []).push({});