Görkəmli pianoçu Nikolay Luqanski və “Beryozka” ansamblının Bakıda konserti olacaq FOTO


Digərləri 03 Okt 2019 08:23:00 256 0

Görkəmli pianoçu Nikolay Luqanski və “Beryozka” ansamblının Bakıda konserti olacaq  FOTO

1994-cü ildən etibarən Rusiya və Azərbaycan arasında qarşılıqlı mübadilə proqramı çərçivəsində həm Moskvada, həm də Bakıda keçirilən Mədəniyyət Günləri, müxtəlif konsertlər, festivallar, yubiley gecələri, sərgilərdə hər iki ölkənin musiqisi, teatrı, xoreoqrafiyası və təsviri sənət nümunələri nümayiş olunur.

Son.az Trend-ə istinadən bildirir ki, bu illər ərzində Bakıda məşhur musiqiçi və kollektivlər - "Kreml baleti", "Brass-kvinteti", Yuri Temirkanov, Maksim Vengerov, Sergey Doqadin, Filip Kopaçevski, Valeri Xlebnikov, Dmitri Xoxlov və başqaları çıxış etmişlər.

Rusiya Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə 2019-cu ilin 11 oktyabr tarixində saat 19:00-da Heydər Əliyev Sarayında dünya şöhrətli "Beryozka" Akademik Rəqs Ansamblının, oktyabrın 13-də saat 19:00-da isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiya Federasiyasının Xalq artisti, görkəmli pianoçu Nikolay Luqanskinin iştirakı ilə konsertlər keçiriləcəkdir.

Ötən il 70 illik yubileyini qeyd edən və bu illər ərzində bütün dünyanı gəzən "Beryozka" Akademik Rəqs Ansamblı klassik slavyan rəqs mədəniyyətinin etalonu hesab olunur.

Görkəmli pianoçu, Moskva Dövlət Filarmoniyasının solisti, Beynəlxalq müsabiqələr laureatı Nikolay Luqanski Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Sergey Prokofyevin 2 saylı fortepiano konsertini ifa edəcəkdir.