Azərbaycan İKAO prezidentinin “Yüksək nailiyyətlərə görə şəhadətnamə”si ilə təltif edilib (FOTO)


Digərləri 02 Okt 2019 13:25:51 208 0

Azərbaycan İKAO prezidentinin “Yüksək nailiyyətlərə görə şəhadətnamə”si ilə təltif edilib (FOTO)

Azərbaycan İKAO prezidentinin “Yüksək nailiyyətlərə görə şəhadətnamə”si ilə təltif edilib

Bakı. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti Kanadanın Monreal şəhərində keçirilmiş “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”nın imzalanması və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) yaranmasının 75 illiyinə həsr edilmiş Dünya Forumunda və İKAO Assambleyasının 40-cı sessiyasında iştirak edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Assambleyaya İKAO-ya üzv olan 193 dövlətdən 184-ü və 70 beynəlxalq təşkilat qatılıb. Forumda və sessiyanın gedişində uçuşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tətbiq olunan innovasiyalar müzakirə olunub, müxtəlif komitələrdə aviasiya sahəsinin təhlükəsizliyinin təmin olunması ilə bağlı yeni sənədlər qəbul edilib. Beynəlxalq standartlara uyğunluq faizini bütün dövlətlərdə daha da yüksəltmək məqsədilə Azərbaycan adından assambleyaya təqdim olunan “WP-88” – İşçi sənəd” sessiyanın İcra Komitəsinin iclasında yekdilliklə qəbul edilib. Azərbaycan uçuşların təhlükəsizliyinə nəzarətin təmin edilməsi sahəsində əldə olunmuş irəliləyişə və beynəlxalq standartların effektiv tətbiqində qazanılmış yüksək nailiyyətlərə görə Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidentinin “Yüksək nailiyyətlərə görə şəhadətnamə”si ilə təltif edilib. Bu şəhadətnamə 2018-ci ilin nəticələrinə əsasən yalnız 16 dövlətə, assambleyanın sessiyası zamanı, üzv dövlətlərin və beynəlxalq təşkilatın yüksək nümayəndə heyətlərinin iştirakı ilə keçirilən açılış mərasimində təqdim olunub.