Ədalət – bütün varlığın bünövrəsidir


Digərləri 01 Okt 2019 21:10:00 222 0

Ədalət – bütün varlığın bünövrəsidir

Bismilləhir-Rahmənir-Rahim!

Bugünkü bəhsimizdə şeytan lənətliyin insanlar yaşayan camiələrdə özünə düşmən bildiyi kateqoriyaların araşdırlması mövzusunu davam etdirəcəyik. Ötən bəhslərdə araşdırılan xüsusiyyətlər bir ümumi məxrəcin mövcudluğuna diqqət çəkir: bütün bu cəhətlər bəndəlik, toplumda harmoniklik, İlahi razılıq kimi dəyərlər bazasında mövcuddur. Allah Təala cəmi insanları toplumlarda bu dəyərlərin ötürücüsü və daşıyıcısı qərar versin, inşəallah!

Ata-anaya ehtiram

Allah Təala Qurani-Kərimin "Fatir" surəsinin 6-cı ayəsində buyurmuşdur: "Həqiqətən, şeytan sizin düşməninizdir. Bəs siz də ona düşmən olun".

Bu baxımdan İlahi tövsiyəyə riayət edib nicat tapmaq, iblisin (lən) düşmənlərindən olmaq üçün bu sahədə geniş araşdırmalara ehtiyac var.

Lənətlik iblisə qarşı olanlar barədə ötən bəhslərimizdə söhbət eləmişdik. Bu gün növbəti kateqoriyaya toxunacağıq.

20-ci kateqoriya ki, şeytan lənətliyin düşmənidir - valideynlərinə qarşı mehriban olan insanlardır. "(İblis deyər): "O kəslərlə /düşmənəm ki/, öz ata və anaları ilə mehribandırlar və onlara ehtiram göstərərlər".

Məlum olur ki, iblis lənətliyin qıcıqlanmasına, narahat olmasına, öz çirkin niyyətlərini həyata keçirməsinə mane olan ciddi amillərdən biri də insanların öz valideynlərinə diqqətli və mehriban olmalarıdır. Və müvafiq olaraq, şeytanın əsas iş-gücündən biri odur ki, ata-anaya olan ehtiramı dəyər statusundan çıxarsın. Bunun bir çox toplumlarda nümunəsini görürük. Dünyanın bir çox bölgələrində "nəsillər problemi" - həllini çətin tapan əsas məsələlərdəndir. Bir çox sosial-psixoloji problemlərin kökündə məhz valideyn-övlad münasibətlərinin düzgün tənzimlənməməsi durur. Onu da qeyd etmək gərəkdir ki, bu problemlər çox vaxt süni surətdə qabardılır. İblis lənətlik üçün ata-anaya ehtiramsızlıq "fəaliyyət" üçün böyük rahatlıq yaradan bir mühiti formalaşdırır.

Haradandır iblisin bu məsələyə belə həssaslığı? Çox sadə məsələ var burada: insan çaşanda, kiminsə haqqını basanda, zülm edəndə ən azı valideyni ona bu yolun pisliyini, məhvedici mahiyyətini anlada bilər. İblisin bundan narazı qalması isə - təbiidir.

Yaradana təşəkkür

Əziz Peyğəmbərimizə müraciət etsək, görərik ki, o mubarək şəxsiyyət ata-anaya ehtiramı ən yaxşı işlər sırasında qeyd etmişdirr. Allah yanında ən sevimli işlər barədə İbn Məsudun sualının cavabında Rəsuli-Əkrəm (s) buyurmuşdur: "Vaxtında qılınan namaz". "Daha sonra nə?" sualına cavabda Allah Elçisi (s) buyurdu: "Ata-anaya yaxşılıq".

Valideynə ehtiramın toplumda dəyər olaraq yaşadılmasının zəruriliyini vurğulayan digər hədəisdə ilə Rəsuli-Əkrəmdən (s) nəql edilir: "Allah ... Özünə, ataya və anaya təşəkkür etməyi əmr etmişdir. Kim ata-anasına təşəkkür etməsə, Allaha təşəkkür etməmişdir".

Dinimiz bəlli edir ki, ata-anaya ehtiram, hətta onlar dinsiz olsalar da belə, vacibdir. İmam Rza (ə) buyurur: "Ata-anaya yaxşılıq, müşrik olsalar da belə - vacibdir. Ancaq Allaha qarşı günah olacaqsa, onlara itaət etmək lazım deyil".

Deməli, insan yalnız o məsələlərdə ata-anasının sözünə riayət edə bilməz ki, onlar Allahın vacib buyurduğunu qadağan edirlər, yaxud Allahın haram etdiyini əmr edirlər. Aşkar haram məsələlərdə - məsələn, ata oğluna desə ki, oğurluq et, rüşvət al, haqq bas, insanları incit - oğul belə işlərdə ata sözünə riayət edə bilməz. Yaxud da, vacib işlərin tərkində - ata-ana desə ki, namaz qılma, oruc tutma - belə işlərdə də insan gərək Allahın deydiyini rəhbər tutsun. Ata-ananın uşağa "yazığı" gələ bilər, səhər tezdən durmağın, günün müəyyən hissəsində ac qalmağın övlada "ziyan" olacağından ehtiyatlana bilər. Övladın borcu bu şəraitdə son dərəcədə diqqətlə, qabiliyyətlə, taktla valideynə anlatmaqdır ki, bu, Allahın fərmanıdır, riayət edilməsi vacibdir. Allah Təala insana zərər verə biləcək nəyisə vacib buyurmaz. Nəyinsə çətin görünməsi - zahiri səciyyə daşıyır və iblisin vəs-vəslərinin məhsuludur.

Cənnət anaların ayağı altındadır

Valideynlərə ehtiram mövzusu - dinimizin ana xətlərindəndir. Rəsuli-Əkrəm (s) buyurmuşdur: "Cənnət anaların ayağı altındadır".

İslam dini valideynlərin haqqını o qədər yüksək tutur ki, hətta onların ədalətsiz davranışına qarşı kobudluqla, küskünlüklə cavab verməyi yasaqlayır və yaranan problemləri məhəbbətlə, mehribançılıqla çözdürməyi tövsiyə edir. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: "Kim ona zülm etmiş ata-anasına qarşı kinli baxsa, Allah onun heç bir namazını qəbul etməz".

Aydındır ki, iblis (lən) və onun ardıcılları ailə institutunun dağılmasını arzulayırlar. Ailə institutu - topluma sabitlik verən, onda daxili əlaqələri yaradan, möhkəmləndirən, inkişaf etdirən bir faktordur və bunun aradan getməsi dağıdıcı proseslərə rəvac verdiyindən, iblisvari proqramlara tam uyğun gəlir. Bu institutun da təməl prinsiplərindən biri - məhz valideyn-övlad münasibətlərinin həmahəngliyidir. Müvafiq olaraq, buna vurulan zərbə toplumun möhkəmliyini sarsıtdığından, iblis və onun ardıcılları buna nail olmaq üçün beləcə canfəşanlıq edirlər.

İslama görə, böyüklərin xatirəsinə ehtiram, onların dünyadan köçməsindən sonra da davam edir. Məzarların vaxtaşırı ziyarəti, o cümlədən Novruz öncəsi, digər əlamətdar günlərdə dünyasını dəyişmiş əzizlərin xatirəsini yad etmək - müsbət dəyərlərin, adət-ənənənin yaşanmasına, nəsillərin daxili əlaqələrinin ardıcıllıq yolu ilə ötürülməsinə xidmət edir.

Bir maraqlı müşahidə də var ki, mənəvi bağlılıq olmayan məkanlarda fəsad yuvaları daha asan məskunlaşır. Diqqət etsək, nəinki tək ölkəmizdə, düynanın bir çox yerlərində də qumarxanaları, əxlaqsızlıq yuvalarını, müxtəlif fəsad yerlərini məhz cəmiyyət üzvləri arasında sıx daxili əlaqələrin mövcud olmadığı zonalarda yerləşdirməyə üstünlük verirlər. Toplumun üzvləri arasında daxili hörmət və ehtiram olarsa, orada bu cür mənəvi aşınmaları realizə etmək xeyli çətinləşir.

Ədalət - dövlətlərin sipəridir

İblisin düşməni olan 21-ci kateqoriyaya adil hökmdarlar aiddir. "(İblis deyər): "O arif hökmdarla /düşmənəm ki/, insanlarla ədalət üzərində rəftar edər və insanlar onun ədaləti sayəsində asayişdə olarlar".

Şeytan lənətlik adil hökm verəni, idarə edəni özünə düşmən bilir. İblis arzulayar ki, rəhbərlər, hökmdarlar, toplumu idarə edənlər zalım olsunlar. Belə olan təqdirdə şeytanın öz planlarını həyata keçirmək üçün çox münbit şərait yaranır.

(adsgarden = window.adsgarden || []).push({});