İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO)


Digərləri 01 Okt 2019 20:08:00 231 0

İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə intellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir

Bakı. Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində “Asiya regionunda nəqliyyat sektorunda istilik effekti yaradan qazların emissiyalarının azaldılması istiqamətində ağıllı nəqliyyat texnologiyalarından istifadə üzrə potensialın artırılması” mövzusunda regional seminar işə başlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, seminar BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), eləcə də Asiya İnkişaf Bankı ilə birgə təşkil olunub. Tədbirin keçirilməsində məqsəd nəqliyyat sektorunda istilik effekti yaradan qazların emissiyalarının azaldılması istiqamətində bilik və təcrübə mübadiləsi, risk faktorlarının qarşısının alınması üçün təhlilin aparılması, vacib operativ tədbirlərin görülməsi üzrə müzakirələrin təşkilidir. İki gün davam edəcək tədbir ölkəmizin müvafiq qurumlarının, region ölkələrinin (Rusiya, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Əfqanıstan, Özbəkistan), UNESCAP katibliyinin, eləcə də ABŞ və Koreya ekspertlərinin iştirakı ilə keçirilir. Seminarı giriş nitqi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Şahin İsmayılov, UNESCAP-ın nümayəndəsi Çanqju Li və Asiya İnkişaf Bankının təmsilçisi Ki Jun Kim açıb. Sonra “ITS Russia” təşkilatının baş icraçı direktoru Vladimir Kruçkov intellektual nəqliyyat sistemləri barədə təqdimatla çıxış edib.