Ombudsman təsisatında miqrantların hüquqlarına həsr edilmiş dəyirmi masa keçirilib


Digərləri 01 Okt 2019 19:51:00 394 0

Ombudsman təsisatında miqrantların hüquqlarına həsr edilmiş dəyirmi masa keçirilib

Ombudsman təsisatında miqrantların hüquqlarına həsr edilmiş dəyirmi masa keçirilib

Bakı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda miqrasiya prosesləri və miqrantların hüquqlarının müdafiəsi” mövzusunda dəyirmi masa keçirilib. Trend-in məlumatına görə, tədbir Azərbaycanda miqrasiya proseslərinin xüsusiyyətləri, dinamikası və tənzimlənməsi üzrə müzakirələrin aparılması, bu proses iştirakçılarının insan hüquqlarının səmərəli təmin edilməsi, həmçinin bununla bağlı təklif və tövsiyələrin dinlənilərək ümumiləşdirilməsi və daha sonra aidiyyəti dövlət qurumları ilə birgə məsləhətləşmənin təşkilinə yönəldilmişdir. Şəbəkə şəklində məlumatlandırma və əlaqələndirmə işinin genişləndirilməsi məqsədini daşıyan bu toplantıda dövlət qurumları, beynəlxalq təşkilatlar və KİV-in nümayəndələri ilə yanaşı, Ombudsmanın nəzdində fəaliyyət göstərən Ekspertlər Şurası və digər QHT-lər, eyni zamanda Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri iştirak ediblər. Ombudsman Elmira Süleymanova, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai, Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev, həmçinin Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov tədbirdə çıxış edərək, işin təkmilləşdirilməsinə dair ictimaiyyətin diqqәtinin miqrasiya məsələlərinə yönәldilmәsi və bu sahədə inkişafa nail olunması istiqamətində çevik mexanizmlərin icra edilməsi, bu prosesdə iştirakçılığın, əməkdaşlığın və kütləviliyin vacibliyini vurğulayıblar. Müvəkkil tədbirdə məruzə ilə çıxış edərək, bildirib ki, son illərdə intensiv miqrant axınlarına qarşı BMT-nin qərarlarına və beynəlxalq hüquqa zidd olaraq qəddar, açıq nifrət, qeyri-insani rəftar, işgəncələr, islamofobiya və ksenofobiya tüğyan etdiyi halda, 30 ildən çox davam edən Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün əhalisi olmağına baxmayaraq, ölkəmiz öz iqtisadi inkişafı, sabitlik, tolerantlıq mühitinə görə miqrantlar üçün cəlbedici məkana çevrilib və buraya üz tutan miqrantların sayında artım müşahidə olunur. O, beynəlxalq öhdəliklərə uyğun olaraq, ölkəmizdə qanuni miqrasiyanın təbliği ilə bağlı ardıcıl və sistemli tədbirlər görüldüyünü, Azərbaycanın regionda “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya”ya qoşulan ilk ölkələrdən olduğunu və MDB məkanında ilk olaraq Miqrasiya Məcəlləsini qəbul etdiyini, ölkəmizdə yaşayan miqrantların Azərbaycan Respublikası vətəndaşları ilə bərabər əmək hüquqlarına malik olduqlarını, eyni zamanda miqrasiya proseslərinin daha səmərəli idarə edilməsi, bu sahədə operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində Dövlət Miqrasiya Xidmətinin uğurlu fəaliyyət göstərdiyini bildirib. Qeyd edilən sənədlərin implementasiyası, eyni zamanda miqrantların hüquqlarının hərtərəfli müdafiəsi, onların ailə üzvlərinin sosial ehtiyaclarının ödənilməsi, təhsil, sağlamlıq və digər hüquqların həyata keçirilməsində ayrı-seçiliyin yolverilməzliyi prinsipinin təmini, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə preventiv tədbirlərin həyata keçirilməsi üzrə həmin Xidmətlə birgə fəaliyyətin davam etdiyi qeyd edilib. O, miqrantların hüquqlarının təmini vəziyyəti, problemləri, ehtiyacları və müraciətlərinin araşdırılaraq təhlil edildiyini, əldə edilmiş nəticələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə məlumat bazasının keyfiyyət səviyyəsinin artırılması ilə əlaqədar aidiyyəti dövlət qurumlarına təkliflər ünvanladığını bildirib. Nəticədə digər təkliflərlə yanaşı əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınma müddətinin uzadılması, həmçinin müşayiət olunmayan, valideyn himayəsindən məhrum olmuş və sığınacaq üçün müraciət edən uşaqların sosial müdafiəsi, xüsusi saxlanılma mərkəzlərinə yerləşdirilən əcnəbilərin saxlanılma şəraiti və hüquqi vəziyyətinin yaxşılaşdırılmasına dair Müvəkkilin təklifləri nəzərə alınıb. Eyni zamanda, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərinə mütəmadi baxışlar keçirildiyi, orada saxlanılan şəxslərin vəziyyəti, qidalanması, tibbi yardım alması, saxlanılma şəraiti, onlara qarşı rəftarın öyrənildiyi, həmin şəxslərə Müvəkkilin səlahiyyətləri çərçivəsində mümkün köməklik göstərildiyi söylənib.