Yun tədarükündə beynəlxalq təcrübədən istifadə olunur (FOTO)


Digərləri 30 Sen 2019 17:13:00 251 0

Yun tədarükündə beynəlxalq təcrübədən istifadə olunur (FOTO)

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrindən biri də Bərdə rayonunda yaradılıb.

Bakı. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrindən biri də Bərdə rayonunda yaradılıb. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu ilin may ayından fəaliyyətə başlayan tədarük məntəqəsi Ağdam, Füzuli, Beyləqan, Ağcabədi, Tərtər, Goranboy, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarına və Yevlax şəhərinə xidmət göstərir. Tədarük məntəqəsində yun qəbulu prosesi davam etdirilir. Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov Bərdədəki regional məntəqədə olub, xarici mütəxəssislərin iştirakı ilə yun tədarükünün gedişi ilə maraqlanıb. Baxış zamanı qeyd olunub ki, Sumqayıt Kimya Sənaye Parkında inşa olunan Yunəyrici-Boyaq Fabrikinin fəaliyyətinin təmin olunması məqsədilə Türkiyədən mütəxəssislər dəvət edilib. Həmin mütəxəssislər həm fabrik, həm də tədarük məntəqələri üçün yerli mütəxəssislər hazırlayaraq bu sahənin kadr potensialını formalaşdıracaqlar. Onlar bu sahə üzrə ixtisaslaşmış təcrübəli mütəxəssislərdir. Məqsəd beynəlxalq təcrübəni Azərbaycanda tətbiq etməkdir. Bildirilib ki, məntəqədə yalnız ildə bir dəfə, diri qoyunların bel hissəsindən qırxılan, uzunluğu ən azı 8 santimetr olan yunun qəbulu həyata keçirilir. İndiyədək 100 tona yaxın yun qəbul olunub. Onun 45 tonu çeşidlənərək Yunəyrici-Boyaq Fabrikinə təhvil verilməsi üçün hazırlanıb.