Dünyanın zahirini görənlər və batinini tanıyanlar


Digərləri 29 Sen 2019 21:40:00 251 0

Dünyanın zahirini görənlər və batinini tanıyanlar

Allaha sonsuz həmd və sənalar olsun ki, bizlərə Kərbəla məktəbi ilə tanış olmağı lütf edib. Allahdan istəyimiz budur ki, bizlərə verdiyi bu əzəmətli nemətin şükrünü yerinə yetirmək ləyaqətini bizlərə nəsib etsin!

Məhərrəm-Səfər əyyamını yaşamaqdayıq. Bu günlər Əhli-Beytin (ə), Kərbəla əsirlərinin ən çətin günləridir. Allahdan istəyimiz budur ki, Kərbəlada Aşura günü və Aşuradan sonra baş verənləri öyrənməyi, dərk etməyi və ibrətlər götürməyi bizlərə nəsib etsin!

Artıq iyirmi gündür ki, möminlər, Hüseynsevərlər əzadardırlar. Aşuranı, İmamın (ə) üçünü, yeddisini xalqımız, iman əhli ləyaqətlə yaşadıblar. Allahdan istəyirik ki, dünyanın hər yerində bu məktəbi yaşadan əzizləri günü-gündən müvəffəq etsin!

Qurani-Kərim dünyanın zahirinə aldananları bizə tanıdır

Allah Təala "Rum" surəsinin əlli yeddinci ayəsində buyurur: "Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər".

Məhərrəm-Səfər əyyamında baş verənləri anlamaq üçün deyə bilərik ki, Kərbəla səhnəsində üz-üzə gələn haqq və batil cəbhələrini fərqləndirən ciddi xüsusiyyətlərdən və keyfiyyətlərdən biri də bu idi ki, onların dünyanı tanımaları, dünya ilə bağlı olan baxışları, yanaşmaları fərqli idi.

Batil tərəfin dünya haqqında təsəvvürü sırf zahiri idi. Bəziləri zahirdə namaz da qılırdılar, oruc da tuturdular, Quran da oxuyurdular, hətta bir müddət öncə onların içindən kifayət qədəri Həzrət İmam Hüseynə (ə) məktub da yazıb, dəvət də etmişdilər. Amma onların

dünyaya baxışları fərqli idi. Bu ayə o yanaşmanı yaxşı izah edir. Onlar dünya həyatının zahirini bilirdilər. Elə bilirdilər ki, həyat elə bundan, bu maddi mövzulardan, bu dünyanın içərisində olan bəhrələnmələrdən, dadmalardan, içmələrdən, istifadə etmələrdən ibarətdir.

Dünya iki cür vəziyyətdən ibarətdir

Ayədən belə başa düşülür ki, Quran bizə bu cür öyrədir ki, dünya iki vəziyyətdən ibarətdir: dünyanın bir zahiri, bir də batini var. Bu ayədən anlaşılır ki, o kəslər ki, axirətdən qəflətdədirlər, o kəslər ki, bu dünyanın müvəqqəti olmasının, keçid olmaqlığının, ötəri olmaqlığının fərqində deyillər - onlar qəflət edirlər, unudurlar ki, bu dünya axirət üçündür.

Hər kimin dünyaya baxışı bu cür olar, dünyadan zahiri təsəvvürü olar - belələri dünyanın zahiri ilə yaşamış olarlar. Onlar dünya həyatının zahirini bilirlər və axirətdən tam qəflət ediblər, axirətin mahiyyətini unudublar.

Təfsirlərdən başa düşülür ki, dünyanın bir zahiri və bir də batini var. Bu ayədən anlaşılır ki, axirəti, aqibəti unudanlar, buranın müvəqqətiliyini unudanlar - belə hallarında dünyanın ancaq zahiri istedadlarından, imkanlarından, dərəcəsindən bəhrələnə bilərlər.

Bir də var ki, insan dünyanın batinindən, həqiqətindən, gerçək nə üçünlüyündən xəbərdar olsun. O zaman bu dünya dəyər yerinə, təkamül məkanına, aqibət qazanılma yerinə çevrilər.

Kərbəlada iki cəbhə üz-üzə idi

Kərbəla səhnəsində iki cəbhə üz-üzə idi. Bir cəbhə dünyanın mahiyyətini tanımışlar, dünyanın batininə bələd olanlar, dünyanın axirət üçün olduğunu bilənlər idi. Onlar bu dünyanın zahiri mövzularına aldanmırdılar. Sona qədər zahiri məsələlər onları öz yolundan döndərə bilmədi.

Amma qarşı tərəf ki, onlar dünyanın gerçək mahiyyətini anlamamışdılar, dünyanın ancaq zahirini anlamış oldular - onlar sona qədər o ağır cinayətləri də həyata keçirdilər.

Ayədən öyrənilməli mövzumuz budur ki, bizlər diqqətli olmalıyıq ki, dünyanın məşğuliyyətləri, dünyanın içərisində olan cürbəcür bər-bəzəklər, materialistik, məhdud, yalnızca maddi müstəvidə hesablanmış nəsnələr bizi aldadıb özünə çəkməsin. Əgər o cür olsa, aldanmışlardan, itirmişlərdən olarıq.

Əsri-Aşuradan sonra yola çıxan karvan

Əhli-Beytin (ə), Kərbəla əsirlərinin çətin, ağrılı günləri yaşanır. Aşuranın əsrindən başlayaraq yeni bir karvan yola düşür.

Əgər Məkkədən Kufəyə yollanan karvanın missiyası, hədəfi Həzrət İmam Hüseynin (ə) qiyamı idisə, haqq uğrunda şəhidliyi qəbul edənə qədər getmək və İslamı diri saxlamaq üçün pak qanları vermək idisə, Əba Əbdullahın (ə) şəhidliyi baş tutandan sonra bu məktəbi çatdırmaq, ötürmək missiyası başlanır.

Əgər Aşura gününə qədər hədəf - Həzrət Peyğəmbərin (s) gətirdiyi dini diri saxlamaq idisə, Aşuranın əsrindən sonra bu məktəbi çatdırmaq, baş verənləri çatdırmaq missiyası önə çıxır.

Bunların hər ikisi önəmli idi. Biz bəzən haqq olan bir işin edilməsinin əhəmiyyətini anlayırıq, amma o haqq bir işin çatdırılmasına bir o qədər də diqqət etmirik. Halbuki, Aşura məktəbi bizə öyrədir ki, bu, iki istiqamətli bir mövzudur. Biri - həqiqətin özü, ikincisi - həqiqətin çatdırılmasıdır.

Tarixdə çox olub ki, həqiqətlər çatdırılmayıb, həqiqətlər təhrif olunub, həqiqətlər baş vermiş hadisələrin haqqı olan qədər topluma, gələcək nəsillərə çatdırılmayıb. Amma, Aşura və Həzrət İmam Hüseynin (ə) mübarək şəhidlik məktəbi bu mənada istisnavi müsbət durumdadır. Çünki, ilk gündən bu məktəb çatdırılıb, fasiləsiz çatdırılıb, təhrifsiz çatdırılıb.

Qırx gün hər kəs bunun canlı şahidi olub və hər il də - bircə il belə, fasilə olmadan - bu həqiqət yaşanıb, insanlar əzadar olub. Hər kəs ki, əzadardır - o həqiqəti çatdıranların siyahısındadır.

Əzadarlıqlarda iştirak edən hər bir kəs Xanım Zeynəbin (s.ə) missiyasını, mandatını yerinə yetirir, olmuş həqiqətləri çatdırmaqla məşğuldur.

Elə ki, əzadarlar qaraları əyinlərinə geyinirlər - bəyan edirlər ki, çatdıracaq sözlərimiz var.

Elə ki, məclislərə yığılırlar - bəyan edirlər ki, bizim yad ediləcək mövzularımız var.

Elə ki, olanlar minbərlərdən xatırlanır - əslində Xanım Zeynəbin (s.ə) missiyası davam etdirilir.

Hər gün həqiqətin bir hissəsi yad olunur. Birinci gecədə Müslim ibni Əqil (ə), ikinci gecədə Aşura karvanının Kərbəlaya gəlib yerləşməsi, üçüncü gecədə Həzrət Rüqəyyə (s.ə), beşinci gecədə Həzrət Həbib ibni Məzahir (r.ə) və Züheyr (r.ə) yad edilir, sonra Qasim (ə), sonra Əli Əsğər (ə), sonra Əli Əkbər (ə), sonra Əbülfəzl Abbas (ə) yad edilir.

Bunların heç biri səbəbsiz deyil. Yad edilməli o qədər məsələlər, mövzular var. On gün bunu yaşatma, çatdırma, ötürmə - olduqca önəmli missiyadır. Rövzələr əslində Xanım Zeynəbə (s.ə) xas bir yoldur, olmuşları ən gözəl duyğularla, ruhiyyə ilə, halla çatdırmaqdır. Mərsiyələr, növhələr, rövzələr - insanda mütəali ruhu qaldıran məsələlərdir.

Məhərrəm-Səfər əyyamını yaşamaq hər kəsə dirilik verir

(adsgarden = window.adsgarden || []).push({});