Qubada maarifləndirmə tədbiri keçirilib (FOTO)


Digərləri 28 Sen 2019 11:26:53 211 0

Qubada maarifləndirmə tədbiri keçirilib (FOTO)

“Məişət zorakılığının qarşısının alınması məqsədilə icma səviyyəsində maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində ilk maarifləndirmə tədbiri Quba rayonunda təşkil edilib.

Bakı. “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Məişət zorakılığının qarşısının alınması məqsədilə icma səviyyəsində maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində ilk maarifləndirmə tədbiri Quba rayonunda təşkil edilib. Trend-in məlumatına görə, Quba rayon İcra hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva tədbiri açaraq, bu tədbirin keçirilməsinin əhəmiyyətindən söz açıb və iştirakçıları fəal olmağa dəvət edib. Tədbirdə layihənin eksperti Arzu Hüseyn öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Quba Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib. O, çıxış edərək ölkəmizdə insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları və QHT-lər tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb. Layihənin eksperti məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırmaqla tətbiq olunması, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.