VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təntənəli açılış mərasimi keçirilib (FOTO)


Digərləri 28 Sen 2019 08:11:23 216 0

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təntənəli açılış mərasimi keçirilib (FOTO)

Sentyabrın 27-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirilib

Bakı. Sentyabrın 27-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, Bakı İdman Sarayında təşkil olunan və üç gün boyunca davam edəcək ənənəvi sərgi-yarmarka böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub. Sərgidə 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini təqdim edir. Mərasimdə Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi. Kitablar insan zəkasını zənginləşdirən xəzinədir Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək qonaqları salamladı, hər dəfə olduğu kimi, bu ildə sərgi-yarmarkaya marağın böyük olduğunu bildirdi. Sərginin dahi şair, mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunduğunu deyən nazir Azərbaycan xalqının mənəvi dünyasında kitab həmişə özünəməxsus dəyərli yer tutduğunu diqqətə çaldırdı: “Avesta”dan, “Kitabi-Dədə Qorqud” dastanlarından başlayaraq xalqımız öz ədəbiyyatına və mədəniyyətinə böyük diqqətlə yanaşıb. Biz böyük ədiblərimizin adı ilə həmişə fəxr etmişik. Onların yazdığı dəyərli bədii nümunələri əsrlərlə nəsildən-nəslə ötürərək bu günümüzə gətirib çatdırmışıq. Bu ədəbi nümunələr incəsənətin bütün sahələrinə sirayət edib. Bu əsərlər əsasında musiqilər yazılıb, tamaşalar səhnəyə qoyulub, rəsm əsərləri yaradılıb, filmlər çəkilib. Məqsədimiz ondan ibarətdir ki, xalqımızın kitaba sevgi ənənəsini qoruyaq, daha da inkişaf etdirək, gənclərimizə ötürək. Müasir texnoloji inqilablara baxmayaraq, kitaba sevgini yaşatmalıyıq. Kitab keçmişdə də olub, bu gün də var və gələcəkdə də olacaq. Çünki kitablar insan zəkasını zənginləşdirən xəzinədir”. Əbülfəs Qarayev son illərdə ölkəmizdə poliqrafiya sənətinin inkişafından söz açaraq bildirdi ki, Azərbaycan hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur və kitablarımız ən yüksək mükafatlara layiq görülür: “Sevindirici haldır ki, bu il Moskvada keçirilən MDB-nin "Kitab sənəti" beynəlxalq müsabiqəsində Nizami Gəncəvinin “Xosrov və Şirin” kitabı Qran-pri mükafatını qazanıb. Həmçinin müxtəlif nominasiyalarda iştirak müsabiqədə iştirak edən daha bir neçə kitabımız da mükafat və diplomlara layiq görülüb. Beynəlxalq kitab sərgilərinə təqdim olunan məhsullar arasında həm dövlət, həm özəl nəşriyyatların, eləcə də Heydər Əliyev Fondunun nəşrləri yer alır. Fondun bir sıra kitabları nəşriyyat işinin ən yaxşı nümunələri sırasındadır”. Nazir qeyd etdi ki, Azərbaycan dövləti nəşriyyat-poliqrafiya sahəsinin inkişafına qayğı göstərir: “Əsas məqsəd kitab nəşri sahəsində ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə nail olmaq, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərin icrasını vaxtında təmin etmək, gənc nəslin kitaba maraq və sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir. Bu istiqamətdə görülən işlər Prezident İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi və dünya ədəbiyyatının Azərbaycan dilində çap edilməsi haqqında imzaladığı müvafiq sərəncamlara uyğun olaraq reallaşdırılır”. Son illər Azərbaycanda beynəlxalq tədbirlərin mütəmadi olaraq keçirilməsini yüksək qiymətləndirən Əbülfəs Qarayev belə tədbirlərin dünya ictimaiyyəti tərəfindən də rəğbətlə qarşılandığını qeyd etdi. Bildirdi ki, bu günlərdə davam edən XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, sentyabrın 28-dən oktyabrın 1-dək təşkil olunacaq Nəsimi festivalı və digər tədbirlər ölkəmizin həyatında mühüm mədəni hadisə kimi yaddaşlara yazılacaq. Bu mühüm mədəniyyət təbirləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın davamlı diqqət və qayğısı nəticəsində reallaşdırılır. Nazir çıxışının sonunda sərgi-yarmarkanın iştirakçılarına uğurlar arzuladı.