Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 46cı toplantısı Qanada keçiriləcək


Digərləri 27 Sen 2019 14:02:00 232 0

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 46cı toplantısı Qanada keçiriləcək

Bakıda sentyabrın 22-dən keçirilməyə başlanılan Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik toplantısı (IAEA 2019) bu gün yekunlaşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbir Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Tədbirin sonuncu günündə "Qərar qəbuletmə", "Texnologiya", "Qiymətləndirmə islahatları", "Regional inkişaf", "Sinif qiymətləndirməsi" mövzularında sessiyalar keçirilib.

Sessiyalarda müxtəlif ölkələrdən alimlər, ekspertlər, mütəxəssislər müvafiq sahələr üzrə məruzələr edib, fikir mübadiləsi aparıblar.

Sessiyalarda "Daha yaxşı qərarlar qəbul etmək üçün şagirdləri cəlb edən və ruhlandıran PPMR-nin rolu", "Orta məktəb səviyyəsində xüsusi təhsildə effektiv, birgə tədris və öyrənmə vasitəsi kimi qiymətləndirmənin təşviqi", "Təhsil keyfiyyətinin qiymətləndirilməsində peşə çatışmazlıqları barədə müəllimlərin fikirlərini araşdırmaq", "Sinif və özünüqiymətləndirmə üçün onlayn test və digər mövzularda, habelə Azərbaycan, İsrail, Qazaxıstan, İran Qana və Keniyada təhsil və qiymətləndirmə ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Daha sonra konfransın bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə konfransda 55 ölkədən 300 ekspertin, 43 ölkədən 116 məruzəçinin iştirak etdiyini qeyd edib və konfransın qarşısına qoyduğu məqsədlərə çatdığına, bu bir neçə gün ərzində dinlənilən məruzələrin, aparılan fikir mübadilələrinin qiymətləndirmə sahəsində təcrübələrin daha da təkmilləşdiriləcəyinə töhfə verəcəyinə ümidvar olduğunu deyib. Builki konfransın onun iştirakçıları arasında müvafiq sahələrdə yeni əməkdaşlıqlara bir istiqamət də olduğunu bildirib.

Şura sədri konfransın əsas məruzəçilərinə, idarə heyətinin üzvlərinə, təşkilat komitəsinə, sponsorlarına və rəsmi media tərəfdaşı "Azərtac" Dövlət İnformasiya Agentliyinə xüsusi təşəkkürlərini bildirib.