Türkiyənin 9cu Prezidenti Süleyman Dəmirəlin məzarı üzərində “Dəmir abidə” ucaldılıb


Dünya 27 Sen 2019 07:35:00 285 0

Türkiyənin 9cu Prezidenti Süleyman Dəmirəlin məzarı üzərində “Dəmir abidə” ucaldılıb

Türkiyənin 9-cu Prezidenti, görkəmli siyasi və dövlət xadimi, Azərbaycanın yaxın dostu Süleyman Dəmirəlin məzarı üstündə "Dəmir abidə" ucaldılıb. Abidənin adı mərhum prezidentin soyadından götürülüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, abidənin hündürlüyü 30 metrdir. Məzarın yerləşdiyi geniş ərazidə Süleyman Dəmirəlin 9-cu prezident olması şərəfinə 9 süni göl yaradılıb. Burada geniş yaşıllıq salınıb, abadlıq işləri aparılıb.

Ümummilli lider Heydər Əliyevin ən yaxın dostları sırasında yer alan Süleyman Dəmirəl hər zaman Azərbaycana tükənməz sevgi bəsləyib. Ulu öndər Heydər Əliyevlə mərhum Prezident Süleyman Dəmirəlin birlikdə qəbul etdikləri tarixi qərarlar ölkələrimizin buğunu və gələcəyi üçün tarixi əhəmiyyətə malikdir. Buna görə də Azərbaycan və Türkiyə xalqları hər iki böyük şəxsiyyəti ehtiramla anır.

2014-cü ildə İsparta vilayətinin İslamköy kəndində Türkiyənin doqquzuncu Prezidentinin həyat və fəaliyyətini əks etdirən "Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzey Kompleksi" yaradılıb. Həmin kompleksin və yeni açılışı olan "Dəmir abidə"nin memarı mərhum prezidentin qardaşı Şövkət Dəmirəldir. Süleyman Dəmirəl Vəqfi tərəfindən Dəmirəllər ailəsinin ata-baba mülkü olan torpaq sahəsində qurulmuş muzey kompleksi 16 min kvadratmetr ərazini əhatə edir. Kompleksdəki binaların inşasında Səlcuqlar və Osmanlı dövrünün memarlıq üslubundan istifadə olunub.