"Qoca çinar"ın kölgəsinə sığınan Əli Sunal FOTO


Digərləri 27 Sen 2019 03:30:00 315 0

"Qoca çinar"ın kölgəsinə sığınan Əli Sunal  FOTO

Hamını güldürən adam özü kimə gülür?

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Türkiyənin "Miliyyət" qəzetindən Tülay Demir məşhur aktyor Ali Sunal ilə görüşüb.  4 oktyabrda tamaşaçılara təqdim olunacaq "Hareket sekiz" filmindən danışan aktyor, müsahibəsində şəxsi həyatından da bəhs edib. Qeyd edib ki, yeni filmdə simit satıcısı obrazını canlandırıb. Məşhur aktyor çəkiliş meydançasında yerli vətəndaşların onu tanımadığını, həqiqətən bir satıcı rolunun öhdəsindən peşəkarcasına gəldiyini iddia edərək, insanların, canlandırdığı obraza inanıb simit aldığını da dilə gətirib.  

- Əli bəy, bu aralar həyatınızda bir neçə hadisə ard-arda yaşanır.  Bir ay əvvəl ata oldunuz. Gələn ay yeni filminiz kinoteatrlarda nümayiş olunacaq, layihə rəhbəri olduğunuz "Güldür, güldür show" yeni mövsümə başladı. Söhbətə hardan başlayaq?

- Əslində bunların hamısı gözəl hisslərdir və mən xoşbəxt insanam. 

- O zaman belə başlayaq. Nəyə görə, müsahibə üçün Fənərbaxçanı seçdiniz? Qızınıza daha yaxın bir məkan olduğu üçün?

- Mümkün olduğu qədər qızıma yaxın olmaq istəyirəm. Bir köməkçimiz var, o da bu gün icazə alıb. Qızmı anası ilə çox da baş-başa buraxmaq istəmirəm.

- Niyə?

- Bilmirəm inanarsınız, yoxsa yox, hesab edirəm ki, yoldaşıma bir köməyim toxunur.

- Kömək deyəndə nəyi nəzərdə tutursunuz?

- Misal üçün, o, mənə "bunu götür, pampersi gətir, bunu et" deyir və beləliklə, mən də ona kömək etmiş oluram. Bir də sizin qeyd etdiyiniz kimi, bu aralar çox məşğulam. Vaxtımı başqa işlərə sərf etməməyə çalışıram ki, qızımı çox görüm.  

- İlk dəfədir atalıq həyəcanı yaşayırsınız. Ata olmaq necə bir duyğudur?

- Çox gözəl duyğudur. O doğuldu, yoxsa bizmi dünyaya gəldik, bunu tam dəqiq bilmirəm. Onsuz da mən ata olmağı çox istəyirdim, hətta bu missiyanı yerinə yetirmək üçün gecikmişdim.

- Qızınızı ilk gördüyünüz anı necə xatırlayırsınız?

- Doğum anında həyat yoldaşımın yanında idim. Çox qəribə idi, insan fərqli hisslər yaşayır. Sanki bir film göstərirlər və sən də oturub filmə baxırsan, möcüzə kimi. Bu sevgi inanılmazdır.

- Həmin an "İnstagram" səhifənizdə sevincinizi paylaşmışdınız. Orada atanız Kemal Sunalı xatırlamanız insanlara təsir etmişdi.

- Kemal Sunalın atam olması bir yana, mən onun pərəstişkarıyam. Bir dəfə qızım Narinə baxanda yoldaşıma dedim ki, bu qız Kemal Sunalın nəvəsidir. O məşhur insanın nəvəsi hazırda bizim qucağımızdadır. 

- Ata olmaq sizə çox yaraşır.

- Təşəkkür edirəm. Hazırda onun yuxuya getməsi, qazının çıxarılması dönəmində olsaq da, mən ata olaraq iməkləmək ərəfəsindəyəm.   - Müşahidələrimə əsasən deyə bilərəm ki, sənətdə uğur qazanan  valideynlərin övladları bu sahədə o qədər də uğurlu olmurlar. Bəlkə də onlarla eyni işi görməyə məcbur olduqları halda, eyni bacarığa sahib olmadığı üçün uğur qazanmırlar. Ancaq siz istisnalıq təşkil edirsiniz.

- Əslində, mən bu müşahidələri heç də doğru hesab etmirəm. Çünki biz bu hadisəyə 3-5 uğurlu adamın övladından baxaraq yanaşırıq. Vəziyyəti, sadəcə, göz önündə olan insanlarla dəyərləndiririk. Onlar uğurlu olmadıqda, ortaya belə bir görüntü çıxır.

- Yenə də Kemal Sunal kimi dahi bir sənətkarın adının kölgəsində qala bilərdiniz.

- Mən uğurlu aktyorammı? Qarşıma qoyduğum hədəflərə, gəldiyim zirvəyə baxanda, mənə görə uğurluyam, həyatımı öz istədiyim kimi yaşayıram, ən azından, belə bir üstünlüyüm var. Amma təbii ki, qarşıma Kemal Sunalı qoysanız, o zaman özümə "Uğurluyammı?" sualını versəm, təbii ki, "onun qədər deyiləm" cavabını alacaqsınız.

- Atanızın getdiyi yol və cığırla getmədiniz.

- "Onun kölgəsində qalmamaq üçün öz yolunu bəlirlədim və başqa bir karyera qurdum" kimi sərt ifadə işlətmək istəmirəm. Mənim üçün ən böyük üstünlük və uğur Kemal Sunalın kölgəsində olmaqdır. Çünki çinarın altına girəndə sərinləyərsiniz və o sizi qoruyur, sərinləşdirir. Atamın yolunu davam etdirmək də onun kimi bir şeydir. Mən qoca bir çinarın kölgəsindəyəm.

- Amma hər gün yeni layihələrdə rol aldınız və o kölgə ilə kifayətlənmədiniz.

- Bəli, mənim maraq dairələrim, hədəflərim tamam başqa idi. Bir komediya proqrammı hazırladıq, orada insanlara fərqli tamaşalar göstərdik.

- "Güldür, güldür show" öz sahəsində bir ilk idi.

- Gördüyüm işin bir orijinallığı olmalıdır. Yoxsa mənim gördüyüm bu iş lazımsız olardı. Atamdan öyrəndiyim bir şey var, o da səmimiyyətdir. Tamaşaçı ilə aramızda çox səmimi bir elektrik var. 

(adsgarden = window.adsgarden || []).push({});