Tütündən istifadə 6 əsas ölüm səbəbinin risk faktorudur


Digərləri 26 Sen 2019 19:41:24 213 0

Tütündən istifadə 6 əsas ölüm səbəbinin risk faktorudur

Tütündən istifadə dünyada səkkiz əsas ölüm səbəbininin altısının başlıca risk faktorudur.

Bakı. İlhamə İsabalayeva - Tütündən istifadə dünyada səkkiz əsas ölüm səbəbininin altısının başlıca risk faktorudur. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) səhiyyə şöbəsinin müdiri Tofiq Musayev deyib. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistik məlumata əsasən, hər il 8 milyon insan tütünçəkmə səbəbindən vaxtından əvvəl dünyasını dəyişir. Onların 1 milyonu passiv tütünçəkənlər, yəni özləri istifadə etməsə də, tütün tüstüsünün zərərli təsirinə məruz qalan şəxslərdir. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanununun tətbiqi əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addımdır: “Cənab Prezident tərəfindən imzalanan bu qanunun məqsədi tütün məmulatlarından istifadə etməyən insanların, habelə tütün məmulatlarından istifadə edən insanların da sağlamlıqlarının mühafizəsidir, çünki qapalı məkanlarda tütünçəkmənin fəsadları daha ağır və təhlükəlidir. İctimai yerlərdə, idarə və müəssisələrdə, qapalı ərazilərdə tütündən istifadəyə qoyulan qadağanın mahiyyəti budur”.