İrandakı və Livandakı erməni lobbisi çirkin işlər həyata keçirir


Dünya 25 Sen 2019 16:07:00 310 0

İrandakı və Livandakı erməni lobbisi çirkin işlər həyata keçirir

Sentyabrın 6-da İran səmasında kəşfiyyat uçuşu həyata keçirən pilotsuz uçan aparatın (PUA) vurulması dünya mediasında müzakirə mövzusuna çevrildi. Livan mətbuatı yazdı ki, guya bu aparat Azərbaycan ərazisindən İran səmasına daxil olub. Rəsmi Tehran Livan mətbuatında gedən xəbərə o qədər də böyük əhəmiyyət vermədi. Azərbaycanın Müdafiə Nazirliyi bəyanat verərək bu məlumatı təkzib etdi. İranın bəzi mətbuat orqanları isə məsələni bir qədər şişirtdilər. Əlbəttə ki, ortalığa heç bir sübut qoyulmadı. Bəs nəyə görə Azərbaycan heç bir əsas olmadan İran və Livan mediasında, elə media səviyyəsində də ittihama məruz qaldı?

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Tehranda Livan mətbuatını da təmsil edən xüsusi müxbirlər var. Müxtəlif beynəlxalq tədbirlərdə həmin müxbirlərlə görüşüb söhbət edirik. Onların dediyinə görə, Livan mətbuatında çoxlu sayda erməni jurnalist çalışır və onlar bir sıra media qurumlarına nəzarət edirlər. Bununla yanaşı, Livanda fəaliyyət göstərən erməni təşkilatlarının da çoxsaylı mətbuat orqanları var. İran ordusunun vurduğu PUA-nın Azərbaycan ərazisindən İran səmasına daxil olması haqqında xəbəri də məhz erməni təşkilatlarına məxsus qəzetlərdən biri dərc edib. Livanda dərc olunan erməni qəzetləri və digər mətbu orqanları haqqında növbəti məqalədə geniş məlumat verəcəyik.

Beləliklə, əsassız yazıların məhz indiki vaxtda, yəni, rəsmi Bakı ilə Tehran arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bir zamanda meydana çıxması onu deməyə əsas verir ki, erməni lobbisi iki qonşu və dost dövlətin qarşılıqlı münasibətlərini pozmağa çalışır və bu, heç də təsadüfi xarakter daşımır. Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri, bu səfərlər çərçivəsində iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişlənməsinə dair imzalanan sənədlər bəzi qüvvələri narahat edib. İranı Yaxın Şərq bölgəsindən sıxışdırıb çıxarmağa çalışan transmilli korporasiyalar bu ölkənin zəngin enerji resurslarına da göz dikiblər. Heç də həmişə ədalətli xarakter daşımayan iqtisadi sanksiyalarla İranı diz çökməyə məcbur etmək istəyənlər onun qonşuları ilə də münasibətlərini korlamağa çalışıb və "bulanıq suda asan balıq tutmaq" prinsipini işə salıblar. İki qonşu dövlət arasında nifaq salmaq planı ilk dəfə deyil ki, həyata keçirilir. Cari ilin fevralında İranda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan da təxribat xarakterli hərəkət etdi. O, erməni lobbisi ilə görüşü zamanı "Qarabağ Ermənistandır" şüarı qarşısında şelfi çəkərək sosial şəbəkələrdə paylaşdı. Həmin vaxt Azərbaycanda əhalinin narahatlığını nəzərə alan İranın rəsmi şəxsləri də Paşinyanın hərəkətlərini təxribat kimi qiymətləndirdilər. İran vətəndaşları olan ermənilərin hərəkətləri isə qınandı. Yəni, aydın oldu ki, Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları 25 ildən çoxdur işğalda saxlamasına baxmayaraq, bu illər ərzində İranda yaşayan heç bir erməni işğal məsələsinə münasibət bildirməyib. Hər halda ermənilərin kompakt yaşadıqları Tehran, İsfahan və Urmiya kimi şəhərlərdə Dağlıq Qarabağa dair çıxışları, etirazları müşahidə edilməyib. Onlar beynəlxalq aləmə Dağlıq Qarabağın Ermənistana verilməsi tələbi ilə ictimaiyyətin nəzərinə çarpacaq hərəkətlər etməyiblər. Bəs nə oldu ki, Paşinyan İrana gələn kimi İran ermənilərində yalançı vətənpərvərlik hissləri baş qaldırdı? Deməli, bu təxribatı elə Ermənistanın özü hazırlayıb və baş nazirin səfəri zamanı həyata keçirib. Məqsəd isə aydındır - iki qonşunun münasibətlərini pozmaq.

Azərbaycan və İran dost, qonşu ölkələrdir. Tarixi bağlılıqla yanaşı, hər iki dövləti maraqlandıran ən başlıca məsələ ictimai-siyasi sabitliyi qoruyub saxlamaqla iqtisadiyyatı inkişaf etdirməkdir. Sabitliyi pozub bu dövlətlərə diktə etmək istəyənlərin məqsədi heç də xalqların azad və firavan yaşamasına nail olmaq deyil, onların müstəqil siyasət aparmasının qarşısını almaqdır.

Prezident İlham Əliyev bir müddət əvvəl bəyan etmişdi ki, Azərbaycan öz ərazisindən İrana qarşı istifadə olunmasına heç vaxt imkan verməyəcək. Azərbaycan Prezidentinin ölkənin İranla əlaqələrinin inkişaf mərhələsinə qədəm qoyduğu zaman belə bəyanatla çıxış etməsi təsadüfi deyildi. Uzaqgörən siyasi xadim olaraq dövlət başçısı dəqiq bilirdi ki, bu münasibətlərə xələl gətirmək istəyənlər olacaq.

Bu gün Azərbaycan müstəqil xarici siyasət yürütdüyünə görə təzyiqlərə məruz qalır, özünə qarşı ikili standartlardan yanaşmanın şahidi olur. Tarixin inkişaf mərhələsində yaranan imkandan istifadə edib qanı bahasına müstəqilliyini bərpa edən Azərbaycanı böyük qüvvələr idarə etməyə, istədikləri kimi yönəltməyə, dövlətimizdən sui-istifadə etməyə çalışırlar. Lakin nədənsə ermənilərin işğalçılıq siyasətinə, onların törətdikləri soyqırımına göz yumurlar. Azərbaycan xalqı öz yolu ilə heç kimə mane olmadan irəliyə doğru getməyə can atarkən və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu yolda uğurlar əldə edərkən "insan hüquqları", "demokratiya" yada düşür. Artıq bu anlayışlardan müstəqil dövlətlərin daxili və xarici siyasətinə nüfuz etmək üçün istifadə olunduğu heç kimdə şübhə doğurmur.