Nəsimi festivalı Şərqlə Qərbin yaxınlaşmasına xidmət edir - Britaniyalı filosof və rəssam Zeyqəm Əzizov


Digərləri 25 Sen 2019 13:38:00 215 0

Nəsimi festivalı Şərqlə Qərbin yaxınlaşmasına xidmət edir - Britaniyalı filosof və rəssam Zeyqəm Əzizov

Sentyabrın 28-dən oktyabrın 1-dək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ikinci Nəsimi – poeziya, incəsənət və mənəviyyat Festivalı keçiriləcək.

Bakı. Vüqar İmanov - Sentyabrın 28-dən oktyabrın 1-dək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ikinci Nəsimi – poeziya, incəsənət və mənəviyyat Festivalı keçiriləcək. Festivalın iştirakçılarından biri hazırda Böyük Britaniyada yaşayan Azərbaycan əsilli filosof və rəssam Zeyqəm Əzizovdur. O, festival çərçivəsində Nəsimi fəlsəfəsi ilə müasir nəzəriyyə və konsepsiyalar arasında parallelər barədə mühazirə ilə çıxış edəcək. Festival ərəfəsində Z.Əzizov bu tədbir barədə fikirlərini Trend-ə bölüşüb. Bildirib ki, Nəsimi festivalı mütərəqqi insanları və peşəkarları birləşdirən, beynəlxalq ictimaiyyətin diqqətini Bakıya cəlb edən, mədəni və humanist dəyərləri təbliğ edən vacib və maraqlı tədbirdir: "Dövrümüzdə Şərq və Qərbin bir-birindən uzaqlaşdığı bir vaxtda, əslində onları birləşdirən bir çox cəhət var və Nəsimi festivalı bu yaxınlaşmaya xidmət edir. Xalqlar müxtəlif dillərdə danışsalar da, bəşəriyyət bir vahiddir, dünya ümumbəşəri dəyərlər üzərində dayanır. Qeyd etmək istərdim ki, mən Nəsimi irsi üzrə mütəxəssis deyiləm, amma uzun illər filosof və rəssam fəaliyyətimlə əlaqədar bu böyük şairin yaradıcılığına diqqət yetirmişəm. İlk növbədə ona görə ki, o, Quranın hərflər sistemi ilə mülahizə olunmasını ifadə edən hürufilik təliminin parlaq nümayəndəsi olub. Bu, 20-ci əsr qərb fəlsəfəsi baxımından, dünyanın strukturunda hərflərin mənası baxımından məni maraqlandırıb”.