"Biz öz qazdığımız quyuya düşmüşük"


Digərləri 25 Sen 2019 06:30:00 271 0

"Biz öz qazdığımız quyuya düşmüşük"

BMT-nin Baş katibi Antonio Quterreş iqlimə dair zirvə toplantısının iştirakçılarına müraciətini sərt xəbərdarlıqla başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Quterreş deyib: "Əgər biz həyat tərzimizi dərhal dəyişməsək, həyatımız təhlükə altında qalacaq...Təbiət qəzəblənib. Əgər onu aldatmaq mümkün olduğunu düşünürüksə, çox yanılırıq, çünki təbiət bizdən qisas alacaq".

Baş katib xatırladıb ki, təbiətin qəzəblənməsinin təzahürlərini artıq bu gün hər yerdə görmək olar. O deyib: "Bir neçə gün bundan əvvəl mən Baham adalarında oldum. İki gün ərzində Dorian qasırğası orada qarşısına çıxanı məhv edirdi. Mənim orada gördüyüm dağıntılar apokalipsisə oxşayırdı. Bunlar sadəcə dağıntı deyil, bizim gələcəyimiz barədə xəbərdarlıqdır".

"Bugünkü sammit söhbətlər xatirinə çağırılmayıb. Söhbətlər çox olub. Bu görüş fəaliyyət görüşüdür. Çıxışımın əvvəlində dediyim kimi, bu sammitə "bilet almaq" üçün əvvəlcədən hazırlanmış nitq kifayət deyil. Bizə konkret əməllər lazımdır", - deyən Antonio Quterreş sözünə davam edib: "Vergi ödəyicilərinin qazandığı trilyonlarla dolları qazıntı şəklində yanacaq hasilatına sərf etmək absurd deyilmi? Axı bu yanacaq qasırğalara, tropik xəstəliklərin yayılmasına və münaqişələrin artmasına çevrilir. Məgər yeni kömür zavodları tikmək absurd deyilmi? Axı bu zavodlar bizim gələcəyimizi qara tüstü dumanına bürüyür. Məgər havanın çirklənməsini təşviq etmək absurd deyilmi? Axı bunun nəticəsində dünyada milyonlarla insan məhv olur, bəzi ölkələrdə şəhər sakinləri evlərindən çıxmağa qorxurlar".

BMT-nin baş katibi deyib: "Biz öz qazdığımız quyuya düşmüşük. Həmin quyudan çıxmaq üçün əvvəlcə onun qazılmasını dayandırmaq lazımdır. Bəli, hər şey pul ilə başa gəlir, lakin fəaliyyətsizlik bizə hər şeydən baha başa gələcək.

İqlimə dair Paris sazişinin iştirakçıları temperatur artımını 2 dərəcə, daha yaxşısı 1,5 dərəcə həddində saxlamalı öhdəyə götürüblər. Lakin parnik qazları emissiyasının artdığı, atmosferdə bu qazların konsentrasiyasının rekord səviyyəyə çatdığı indiki şəraitdə bu hədəflərə nail olmaq qeyri-mümkündür. Alimlər bildirirlər ki, vəziyyət belə davam etsə bu əsrin sonuna qədər Yer kürəsində orta temperatur 3 dərəcə yüksələcək. O vaxt mən sağ olmayacam, amma mənim nəvələrim və sizin nəvələriniz burada yaşayacaqlar. Mən onların yeganə evinin dağıdılmasında iştirakdan imtina edirəm. Mən bizim bu günümüzü məhvə sürükləyən, nəvələrimizi gələcəkdən məhrum edən cinayətin lal-dinməz şahidi olmaqdan imtina edirəm".

(adsgarden = window.adsgarden || []).push({});