Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin ilk hesabatını məruzə etdi


Digərləri 24 Sen 2019 12:11:00 230 0

Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin ilk hesabatını məruzə etdi

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən müntəzəm olaraq, sosial-siyasi durum və proseslərin dinamikası ilə bağlı təhlillər, açıq və qapalı analitik hesabat və arayışlar hazırlanıb

Bakı. Elçin Mehdiyev - Sosial Tədqiqatlar Mərkəzi tərəfindən müntəzəm olaraq, sosial-siyasi durum və proseslərin dinamikası ilə bağlı təhlillər, açıq və qapalı analitik hesabat və arayışlar hazırlanıb, ali rəhbərliyə, müvafiq dövlət orqanlarına təqdim olunub. Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda deyib. Z.Oruc bildirib ki, 2019-cu ilin başlanması ilə ölkədə həyata keçirilən yeni kursun başlıca konturlarını müəyyənləşdirməyə çalışdığımız zaman hər birimiz üçün son dərəcə taleyüklü çağırışlar meydana çıxıb: "STM 2019-cu ilin siyasi və sosial mühitində baş verən böyük dəyişikliklər məramının bariz nümunəsi, ümummili sosial dialoqun təşkili istiqamətində atılan mühüm addımlardan biridir. Daha dəqiq desək, vətəndaşı dövlət idarəçiliyinə yaxınlaşdırmaq, öz növbəsində, qarşılıqlı olaraq, onun da diqqət mərkəzinə dövlətimizi gətirmək, vətənin bu günü və gələcəyi naminə hər birimizi bacardığı töhfə və məsuliyyətini ortaya qoymağa səslənməsi hadisəsidir. Nizamnaməyə əsasən, STM-in vəzifələri sırasına cəmiyyətin inkişafının müxtəlif istiqamətləri, təklif və proqnozları Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, aparılan siyasətin səmərəliliyinin artırılması məqsədi ilə idarəetmə prosesinin təkmilləşdirilməsi, qəbul edilən qərarların təsirlərinə dair tədqiqatlar aparmaq, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını sistemli təhlil etmək, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və s. daxildir”. Mərkəz rəhbəri araşdırma, təhlil və proqnozlaşdırmanın müasir dövlət idarəçiliyinin hərəkətverici qüvvəsi olduğunu vurğulayıb: “Müasir dünyada milli quruculuq siyasətinin, dövlət idarəçiliyinin, islahatların yeni mərhələsinin elmi əsaslar üzərində və qabaqcıl təcrübəni öyrənməklə həyata keçirilməsi uzun tarixə malikdir. STM tərəfindən müntəzəm olaraq, sosial-siyasi durum və proseslərin dinamikası ilə bağlı təhlillər, açıq və qapalı analitik hesabat və arayışlar hazırlanıb, ali rəhbərliyiə və müvafiq dövlət orqanlarına təqdim olunub. Ölkə miqyasında tədqiqatlarla bağlı qurumların ümumi mənzərəsi təhlil etməyə çalışmışıq, bu sahədə əlaqələndirmə və sıx koordinasiyaya olan ehtiyacın qarşılanması üçün tədbirlərin hazırlanmasına, ölkədə sosial-iqtisadi, siyasi və s. proseslərin dinamikası haqda mötəbər sosial məlumat data bazasının yaradılmasına başlanılıb. Cari il və perspektivlər üçün aktual sosial-siyasi məsələlərin elmi tədqiqat konsepsiyası-fəaliyyət planını hazırlanıb.