Alimlər Yupiterin üzərindəki qara ləkənin mənşəyini tapıblar


Digərləri 23 Sen 2019 21:20:00 252 0

Alimlər Yupiterin üzərindəki qara ləkənin mənşəyini tapıblar

"Juno" kosmik stansiyasının Yupiter planetinin üzərində aşkar etdiyi qeyri-adi qara ləkənin mənşəyi tapılıb. Alimlər həmin qara ləkənin Yupiterin peyki olan İonun kölgəsindən başqa bir şey olmadığını müəyyən ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Juno" kosmik stansiyası bu qara ləkənin fotoşəkilini planetə iyirmi ikinci dəfə yaxınlaşdığı vaxt - sentyabrın 12-də çəkib. Həmin məqamda İo peyki Yupiterdən 8 min kilometrlik məsafədə olub. Planetlərarası stansiyanın çəkdiyi fotoşəkil günəşin tam qürubu mənzərəsinin analoqudur. Belə ki, həmin vaxt İo peyki Yupiterlə Günəşin arasında yerləşib və ən nəhəng qaz planetinin səthində yalnız onun kölgəsi görünüb.

Yupiterin peyki ölçülərinə görə Yerin təbii peyki Aya yaxındır. Lakin onun özü bizim planetdən daha böyük olduğundan "tutulma" zamanı İonun kölgəsi Yerdə olduğu kimi Yupiterin üzərini tamamilə örtmür və yalnız səthində dairəvi qara ləkə kimi görünür.

İo Yupiterə ən yaxın peykdir və Günəş sistemində ən aktiv vulkanik obyektdir. Astronomlar onun səthində 400 vulkan püskürməsi qeydə alıblar. Amerika alimləri bildiriblər ki, bu il sentyabrın axırlarında İonun ən böyük vulkanı olan Loki yenidən fəallaşacaq.

(adsgarden = window.adsgarden || []).push({});