Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir


Digərləri 23 Sen 2019 10:15:00 323 0

Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir

Sentyabrın 22-dən 27-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransı (IAEA 2019) keçirilir. Beynəlxalq konfransın Azərbaycanda təşkilatçısı Dövlət İmtahan Mərkəzidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzi IAEA-nın üzvüdür və bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Ötən il konfrans İngiltərədə təşkil olunub. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub. IAEA-nın illik konfransı ölkəmizdə ikinci dəfədir təşkil olunur.

Builki konfransın işində Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir.

Sentyabrın 23-də "Fairmont Baku" otelində konfransın rəsmi açılış mərasimindən sonra tədbir bölmələr üzrə işini davam etdirəcək. Bölmələrin işi sessiyalara bölünür. Hər gün əsas məruzəçilərin çıxışından sonra sessiyalar fəaliyyətə başlayır və saat 17:30-dək davam edəcək. Sessiyalar qərar qəbuletmə, ali təhsil, qiymətləndirmə sistemləri, standartları, metodları və strategiyaları, diaqnostik qiymətləndirmə, psixoloji qiymətləndirmə, sinif qiymətləndirməsi, dilin qiymətləndirilməsi, qiymətləndirmə sistemlərinin yoxlanılması, qiymətləndirmə islahatları, müəllim hazırlığı və qiymətləndirmə, ibtidai təhsildə test, validlik, keyfiyyətli test zəmanəti və s. mövzuları əhatə edəcək.