Kembric Universitetinin professoru BDU-da olub


Digərləri 20 Sen 2019 16:38:41 304 0

Kembric Universitetinin professoru BDU-da olub

Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

Bakı. İtaliyanın Triest şəhərində yerləşən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) direktoru, elementar zərrəciklər və yüksək enerjilər fizikası sahəsində tanınmış nəzəriyyəçi-alim, Kembric Universitetinin professoru Fernando Quevedo Bakı Dövlət Universitetinə (BDU) rəsmi səfərə gəlib. Universitetdən Trend-ə verilən məlumata görə, səfərin əsas məqsədi Bakı Dövlət Universiteti ilə Beynəlxalq Nəzəri Fizika Mərkəzi arasında sıx elmi əlaqələrin qurulması, müxtəlif elm sahələrində, xüsusilə də fizika və riyaziyyatın nəzəri və tətbiqi məsələləri üzrə birgə elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması, ikitərəfli əməkdaşlıq çərçivəsində magistrlar, gənc alim və tədqiqatçılar üçün daha geniş auditoriyanı əhatə edəcək beynəlxalq layihələrin və proqramların təşkili imkanlarının müzakirəsidir. Bu məqsədlə iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu rektor Elçin Babayev və Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru Fernando Quevedo imzalayıb, onun əhəmiyyətini qeyd ediblər. AMEA Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov memorandumun hər iki tərəfə faydalı olacağına əminliyini ifadə edib.