Deputat: "Elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər"


Digərləri 20 Sen 2019 12:37:24 283 0

Deputat: "Elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər"

Azərbaycanda tibbi turizm inkişaf etsə də, təəssüf ki, bu, birtərəflidir. Çünki tibbi turizmlə məşğul olanlar Azərbaycandan qonşu ölkələrə xəstə axını təşkil edirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda tibbi turizmlə məşğul olan şəxslər ölkəmizə də bu sahə ilə əlaqədar insanların gəlməsinə çalışmalıdırlar: "Biz elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər. İrandan, Gürcüstandan, Türkiyədən, Dağıstandan da xəstə insanların Azərbaycana müalicə üçün gəlməsi barədə düşünməliyik. Biz vətəndaşlarımızı xaricə göndərməklə tibbi turizm sahəsində uğur qazana bilmərik".

M.Quliyev əlavə edib ki, xaricdən Azərbaycana çoxlu həkimlər gəlir. Amma çalışmaq lazımdır ki, xarici həkimlərin gəlişinin artması əvəzinə ölkəyə xarici investisiyalar cəlb olunsun: "Azərbaycanın xarici ölkələrdə oxuyan kifayət qədər kadrı var. Xaricdən gələn investisiyalar bizim tibb sektorumuzun gələcək inkişafı üçün təkan olacaq".