Mərkəzi Elmi Kitabxanada "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib (FOTO)


Digərləri 19 Sen 2019 18:18:45 188 0

Mərkəzi Elmi Kitabxanada "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib (FOTO)

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalı olan "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib.

Bakı. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Dövlət Televiziyası - "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalı olan "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib. AMEA Mərkəzi Elmi Kitabxanadan Trend-ə verilən məlumata görə, təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, "AMEA-nın professoru", millət vəkili Qənirə Paşayeva, "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-nin nəzdindəki Televiziya və Radio Akademiyasının rektoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri Q.Paşayeva açaraq filmin yaradıcı kollektivini iştirakçılara təqdim edib, ekran əsərində Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələrinin əks olunduğunu söyləyib. Qeyd edib ki, filmdə əsasən bölgənin Neolit dövrünü əks etdirən Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri, kompleksin Qafqazın sivilizasiya tarixində oynadığı rol və burada uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların fikirləri yer alıb. Ərazidə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Yaponiyanın Tokio Universitetinin əməkdaşlarının uzun müddət önəmli araşdırmalar apardığını deyən Q.Paşayeva Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı ölkə başçısının 18 aprel 2012-ci il tarixli Sərəncam imzaladığını xatırladıb. O, filmin gələcəkdə ingilis dilinə tərcümə olunaraq digər ölkələrdə nümayiş etdiriləcəyini vurğulayıb. Sonra İ.Həbibbəyli çıxış edərək AMEA ilə Azərbaycan Dövlət Televiziyası arasında gələcəkdə çoxtərəfli əməkdaşlıq haqqında sazişin imzalanmasının önəminə toxunub. Akademik son illərdə Azərbaycan arxeologiya elmində bir çox nailiyyətlərin əldə edildiyini, hazırda Arxeologiya və Etnoqrafiya İnstitutunda yerli və beynəlxalq olmaqla 30-a yaxın ekspedisiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, filmin Azərbaycanın qədim mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayacağını deyib.