“Quska”ya cəza istənildi,


Digərləri 19 Sen 2019 13:43:00 236 0

“Quska”ya cəza istənildi,

Bu gün Bakı Hərbi Məhkəməsində "Quska" ləqəbli iş adamı Hüseyn Abdullayevin məhkəməsi keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib. Prokurorun çıxışı zamanı "Quska" yerindən replika ataraq etirazını bildirib.

İttihamçı çıxışında dələduzluq ittihamı üzrə dəyən ziyanın ödənildiyini, Hüseyn Abdullayevin ittiham olunduğu maddələr üzrə sanksiyanın aşağı həddindən də aşağı cəza verilməsinin mümkün olduğunu qeyd edib.

Yekun olaraq, Hüseyn Abdullayevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu zaman H.Abdullayev "yalandır, böhtandır, absurddur, bir sübut dəlil yoxdur" deyərək yüksək səslə prokurora etiraz edib. Onun sakitləşməməsi məhkəmə prosesini pozub, buna görə hakimin göstərişi ilə H. Abdullayev zaldan çıxarılıb. Prosesin davamı "Quska" olmadan keçirilib.

Bunun ardınca isə anası Zeynəb Abdullayevanın da halı pisləşib. Qohumlarının köməkliyi ilə Z.Abdullayeva da məhkəmə zalından çıxarılıb. Bu zaman məhkəməyə təcili tibbi yardım çağırılıb, həkimlərin müdaxiləsindən sonra Z. Abdullayeva zala qaytarılıb. Təxminən 15 dəqiqəlik fasilədən sonra hərbi prokuror çıxışına davam edib.

Prokuror Zeynəb Abdullayevaya ittiham olunduğu maddələr üzrə sanksiyanın aşağı həddindən də aşağı cəza verilməsinin məqsədəmüvafiq olduğunu bildirib. Bu əsasla Z.Abdullayevanın, sadəcə, 5 min manat cərimə olunmasını istəyib. Digər təqsirləndirilənlər - Namiq Babayevin 8 il, İntiqam Süleymanov və Nazim Əliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.