Dünya Universitetlərinin reytinqi: görünən və görünməyən tərəflər


Digərləri 18 Sen 2019 13:17:04 188 0

Dünya Universitetlərinin reytinqi: görünən və görünməyən tərəflər

Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru professor Əfqan Abdullayevin “Dünya universitetlərinin reytinqi: görünən və görünməyən tərəflər” məqaləsini təqdim edirik.

Bakı. Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru professor Əfqan Abdullayevin “Dünya universitetlərinin reytinqi: görünən və görünməyən tərəflər” məqaləsini təqdim edirik. Bu yaxınlarda Times Higher Education həftəlik jurnalının nəşr etdirdiyi dünya universitetlərinin reytinqi (tədris mühiti, elmi-tədqiqat mühiti, istinadlar əmsalı, sənaye ilə əlaqə, beynəlxalq əlaqələr göstəricilərinə görə) bizə müəyyən məsələləri təhlil etmək imkanı verir. Builki reytinq 1400-dən çox universiteti əhatə etmişdir və ilk dəfə olaraq Maltadan, Brüneydən, Vyetnamdan, Kubadan, Monteneqrodan da universitetlər reytinqdə özlərinə yer almışlar. Qeyd etmək lazımdır ki, qlobal ali təhsil son zamanlarda sürətlə inkişaf edib. Bir statistikanı nəzərə çatdırmaq yerinə düşər ki, 2000-2014-cü illərdə tələbələrin sayı dünya üzrə iki dəfədən çox artaraq 207 milyona çatmışdır ki, bu da dünya əhalisinin sayı nisbətində (7.7 milyard əhali) çox da böyük görünmür. UNESCO-nun hesabatında qeyd olunur ki, qlobal ali təhsillə əhatə olunma 19%-dən 34%-ə qalxmışdır. Bu genişlənmə ilə yanaşı bir çox universitetlər hər bir professor-müəllim heyətinə düşən elmi-tədqiqat nəşrlərinin sayını bir çox sahələr üzrə nəzərəçarpacaq dərəcədə artıra bilmişlər. Bu da beynəlxalq əlaqələrin gücləndirilməsi, yeni-yeni infrastrukturun yaradılması və yeni maliyyə mənbələrinin təhsilə investisiyası nəticəsində mümkün olmuşdur. Bəzən adama elə gəlir ki, sayın çox olması ali təhsil üçün, universitetin göstəriciləri üçün yaxşıdır. Amma dünyada yüksək reytinqli universitetlərə ilkin bir nəzər salsaq, bünun heç də belə olduğu hiss olunmur. Məsələn, Kaliforniya Texnologiya İnstitutunda (Caltech) 349 nəfər professor-müəllim çalışır, 2240 tələbə təhsil alır, 6 akademik struktur fəaliyyət göstərir. Son 25 ildə instituta hər il ancaq 1 nəfər müəllim işə qəbul olunub. Universitetin əsas məqsədi kəmiyyət yox, keyfiyyət dalınca getməkdir. Sual isə belədir onlar üçün: Biz nəyi edirik, nəyi etmirik? Məhz bunun nəticəsidir, Kaliforniya Texnologiya İnstitutu 2020-ci ildə dünya reytinqində 3 pillə irəliləyərək 2-ci yerə qalxıb. Xüsusilə beynəlxalq əlaqələrinə görə, beynəlmiləl mühit yaratdıqlarına görə, həm bu institut, həm də Massaçusets Texnologiya İnstitutu (MTİ) mümkün olan 100 baldan 80 bal toplamışlar. MTİ isə reytinqdə 5-ci olmuşdur. Kiçik universitet olmağın üstünlüklərindən biri də budur ki, insanlar belə mühitdə bir-biri ilə rahat danışa bilirlər, bürokratik əngəllər az olur. Saysız-hesabsız tələbənin olması, universiteti daha çox biznesyönümlü edir, düşünürlər ki, çox adamla çox iş görmək olur. Adətən, kiçik həcmli universitetlərdə sahə dəyişməsi, kafedra-departament dəyişməsi qeyri-adi hal kimi qəbul olunmur. Mütəxəssis harda özünü daha yaxşı hiss edirsə orda da işləməyinə şərait yaradılır. Tələbə-müəllim nisbətinin də aşağı olması keyfiyyətli təhsildə mühüm amil kimi qiymətləndirilir. Kaliforniya Texnologiya İnstitutunun anti-inkişaf (yəni həcmcə böyümə) modeli qeyri-adi olsa da, qəribə görünsə də, qeyd etmək lazımdır ki, ABŞ-dan olan universitetlərin ilk üçlüyündə olanlar tarixən texnologiya-istiqamətli təhsil müəssisələridir – Əvvəlki iki instituta Stanford Universitetini də əlavə etsək. Siyahıda Oksford Universiteti 1-ci, Kembric Universiteti isə 3-cü olmuşdur. Bu iki ölkə universitetləri baxmayaraq ki, son bir neçə ildir reytinq cədvəlinə liderlik edirlər, təhlillər göstərir ki, onlar öz yerlərini getdikcə itirirlər. Məsələn, builki reytinqdə ABŞ-ın 60 universiteti ilk 200 ən yaxşı universitet arasındadırsa, bu rəqəm 2016-cı ildə 63 olmuşdur. Böyük Britaniya isə daha çox geriləmişdir – müvafiq olaraq 2016-da 34 universitet, 2020-də 28 universitet ilk 200-lüyə daxil olub. Əvəzində Çin universitetləri daha yaxşı inkişaf etmişdir. İlk dəfə olaraq Asiyadan ilk 100-lüyə daxil olan iki universitet Çindən olmuşdur – Tsinqua Universiteti (23-cü) və Pekin Universiteti (24-cü). Çin Universitetləri daha çox yüksək reytinqli nəşrlərin sayına görə irəliləmişdir. Həmçinin, həmin universitet alimlərinin nəşrlərinə daha çox istinad əmsalı olmuş və bu universitetlərdə beynəlxalq tədqiqatçılara geniş yer verilmişdir. Hindistanın nəhəng ali təhsil sisteminin, sürətlə böyüyən iqtisadiyyatının, ingilisdilli tədris dilinin və az ucuz təhsili olmasına baxmayaraq, xarici müəllim və tələbə cəlb olunması istiqamətində işlər həddən çox zəifdir.