Salam vermək müstəhəb, almaq isə vacibdir


Digərləri 12 Sen 2019 23:40:00 329 0

Salam vermək müstəhəb, almaq isə vacibdir

Əllamə Təbatəbai "salam" sözünün mənası haqqında buyurur ki, "salam" - sülhdə olmaq, amanda olmaq deməkdir. Salamlaşan insan qarşı tərəfə deyər ki, mən səninlə sülh və amandayam. Yəni, səninlə qardaşam. (Tebyan)

Salam - Allahın adlarındandır. Allah bəndələrinə nicat verər. Biz bir-birimizlə salamlaşan zaman salam aramızda sevgi yaradar.

Əhli-beyt (ə) bizə buyurur ki, əgər qeyri-müsəlmanlar sizə salam versələr, siz əgər cavab vermək istəyirsinizsə, deyin ki, "Əleyk". Əgər siz qeyri-müsəlmanlara salam vermək istəyirsinizsə, ancaq deyin ki, "Salam".

"Salamun əleykum" sözünü müsəlman müsəlmana deyir. İmam Sadiq (ə) buyurur: "Bir-birinizi görən zaman bir-birinizə yüksək səslə salam verin". Salamın cavabını verən zaman da yüksək səslə vermək lazımdır. Salam vermək - Peyğəmbərin (s) sünnətidir. Allah Təala buyurur: "Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara: "salam olsun sizə!" - de". ("Ənam" 54).

Kiçiklər birinci salam verməlidirlər. Ancaq heç kim Peyğəmbərdən (s) əvvəl ona salam verə bilmirdi. O, həmişə insanları qabaqlayırdı. Hətta kiçiklərə belə onlardan əvvəl salam verirdi. O, həmişə buyurardı ki, mən ona görə salam verirəm ki, qalanları da bunu öyrənsinlər və məndən sonra da bu sünnət qalsın.

Salamı birinci verməyin savabı daha çoxdur. Əllamə Məclisi buyurur ki, dinə görə salam vermək müstəhəb, almaq isə vacibdir. Ona görə də ilk salam verməyin savabı daha çoxdur. Bəzən biz güman edirik ki, ancaq filan əməldən savab qazanırıq. Ancaq salam vermək kimi sadə əməlin də savabı heç də az deyildir.

(adsgarden = window.adsgarden || []).push({});