DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO)


Digərləri 11 Sen 2019 18:41:00 236 0

DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO)

Dövlət Gömrük Komitəsi (DGK) və “Huawei Tech. Azerbaijan” MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Bakı. Dövlət Gömrük Komitəsi (DGK) və “Huawei Tech. Azerbaijan” MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. DGK-dən Trend-ə verilən məlumata görə, imzalanma mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Komitənin müvafiq strukturlarının rəhbərləri, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan və “Huawei” şirkətinin təmsilçiləri iştirak ediblər. Niyyət protokolunun imzalanmasında məqsəd Dövlət Gömrük Komitəsi və “Huawei Tech. Azerbaijan” MMC arasında informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya, şəbəkə avadanlıqları və texnoloji innovasiyaların tətbiqi sahəsində qarşılıqlı dəstək və birgə layihələrin icra edilməsidir. Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov bildirib ki, Azərbaycan və Çin Xalq Respublikası arasında qarşılıqlı əməkdaşlıq, o cümlədən iqtisadi əlaqələr inkişaf edir. İki ölkə arasındakı mövcud dostluq münasibətlərinə söykənən əməkdaşlıqdan danışan Komitə sədrinin birinci müavini Çin ilə Azərbaycan arasında uğurlu iqtisadi əlaqələrin bariz nümunəsi olaraq ticarət dövriyyəsinin ildən-ilə artdığını qeyd edib. İsmayıl Hüseynov vurğulayıb ki, Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, ixrac və tranzit potensialının artırılması istiqamətində mühüm islahatlar və layihələr həyata keçirilir. Bu il Prezident İlham Əliyevin "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakını xatırladan İsmayıl Hüseynov qeyd edib ki, Azərbaycanın məhz bu təşəbbüsə qoşulması və fəal iştirakı ölkələrimizin iqtisadi-ticari əlaqələrinin, xüsusən də "Bir kəmər, bir yol" strategiyası üzrə əməkdaşlığının böyük perspektivlərindən xəbər verir. Komitə sədrinin birinci müavini vurğulayıb ki, gömrük xidmətinin əsas istiqamətlərindən biri də sərhəd-gömrük buraxılış məntəqələrindən keçən mallara, nəqliyyat vasitələrinə və vətəndaşlara gömrük nəzarətini tətbiq etməklə sərhəd keçidini sürətləndirməkdir. Məhz bu balansı tənzimləmək üçün həm vətəndaşın rahatlığının, həm də ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni innovasiya yönümlü layihələrə böyük üstünlüklər veririk-deyə sözünə davam edən İ. Hüseynov İT texnologiyaları vasitəsilə gömrük prosedurlarının həyata keçirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Qarşılıqlı iqtisadi-ticari əlaqələrin prioritet istiqamətlərindən birinin nəqliyyat-tranzit sahəsi olduğunu qeyd edən Komitə sədrinin birinci müavini bu əlaqələrin daha da genişləndirilməsində Dövlət Gömrük Komitəsinin maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Gömrük Xidməti gömrük hüquqpozmaları, eləcə də qaçaqmalçılıq hallarına qarşı tədbirlərin effektiv şəkildə aparılması üçün bu sahədə də hər zaman ən müasir informasiya texnologiyalarının tətbiqinə çalışır.