Altay Həsənov: Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına tam hazırdır


Digərləri 11 Sen 2019 18:04:00 254 0

Altay Həsənov: Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına tam hazırdır

Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına tam hazırdır.

Bakı. Elçin Mehdiyev - Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına tam hazırdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov deyib. AGF-nin vitse-prezidenti A.Həsənov bildirib ki, çempionata hazırlıq işləri yüksək səviyyədə gedir: “Sentyabr ayının 16-dan 22-ə kimi Bakıda bədii gimnasika üzrə 37-ci dünya çempionatı keçiriləcək. İnanırıq ki, hər şey yüksək səviyyədə olacaq. İlk dəfə Azərbaycanda 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatı keçirilib. İlk dəfə idi ki, Olimpiya idman növləri içərisində belə bir mötəbər idman yarışı Azərbaycanda keçirilmişdi. O vaxtdan sonra biz dəfələrlə Avropa çempionatları, dünya kuboku yarışları keçirmişik və müəyyən təcrübə toplamışıq”. A.Həsənov vurğulayıb ki, Bakıda keçirilən bu dünya çempionatına böyük maraq var: “Çempionatda 61 ölkə iştirak edir. Biletlərin satışına gəlincə, onların 45 faizi xaricdən alınıb. İnanıram ki, yarışları izləyən tamaşaçılar bizim komandaya dəstək olacaq. Ona görə də media vasitəsilə hamını bu gözəl idman bayramına dəvət edirəm. Əsas hədəfimiz lisenziya qazanmaqdır. Bilirsiniz ki, bu dünya çempionatı Tokioda keçiriləcək Olimpiya oyunlarına lisenziya xarakteri daşıyır. Bu baxımdan bizim üçün çox vacibdir”. Qeyd edək ki, 14 ildən sonra ölkəmiz yenidən ən önəmli yarışlarından biri - Bədii Gimnastika üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.