Yunus Əmrənin Azərbaycandakı ŞAGİRDLƏRİ


Digərləri 11 Sen 2019 11:46:00 254 0

Yunus Əmrənin Azərbaycandakı ŞAGİRDLƏRİ

"Ey aşk eri aç gözünü, yer yüzüne eyle nazar Gör bu latif çiçekleri, bezenüben geldi geçer..."

Sufiliyin ən böyük "div"lərindən biri, "şeyx" və "pir" kimi tanınan, "Bizim Yunus" çağırılan Yunus Əmrənin, bu Eşq şairinin həyatı da ruhu təki qarışıqdı.

Sirli insandı Yunus. İbrahimin, Fatimənin, İsmayılın atası. Hacı Bektaşi Vəlinin "Nəfəs verim, bilik verim" təklifinə "buğda ver, nəfəsi yemək, biliklə doymaq olmaz" cavabını verən, sonra ömrünün sonunadək "fanini baqidən üst tutmaqda kor oldum" deyən bir kəs.

"Məndən üst var, alt yox" deyən və bu səbəbdən şagirdlərinin olmadığını vurğulayan bu ozanın, təsəvvüf və hal şairi gerçəkdənmi kimsəni özünə mürid etməmişdi?!

Məntiq ola bilməz deyir. Çün "Dərdi dünya olanın, dünya qədər dərdi var" yazan, "Qəsdim budur şəhrə varam, fəryadi-fiğan qoparam!" hayqıran insan gerçəkdənmi ərəfəni, hürufu və halı kimsəyə öyrətmək istəməmişdi?

23 şəhərdə məzarı olan Yunus susdu və indi də susur. Eşqə, "İmrə"yə, "İmrənmə"yə vüslət baxan adamın yolunu getmişlər də çox yazmayıblar.

Amma...

Yunusun şagirdləri vardı.

Azərbaycanda.

5 nəfər.

Özü barədə hekayələr uyduran, saxtalığı tarix etməyə çalışanlardan fərqli olaraq bizlərin gerçək olan o qədər hekayəti var ki.

Xəbərimiz ola.

Yunus Əmrə Azərbaycanın aşiqi idi. Çox sevirdi məmləkətimizi, ulusumuzu, insanlarımızı.

600 beytlik "Risalətün Nushiyyə"də birbaşa adını çəkməsə də, Azərbaycandan 19 dəfə bəhs edib.

Nədənmi?

Onun ocaq, pir, dərgah bildiyi iki məkan vardı məmləkətimizdə.

Biri Şirvanda - "Əli ocağı" deyilən dərgah. Biri də Qax rayonunundakı Oncallı kəndində.

Agahınız ola ki, Oncallıda sufi şeyxi və fəqih İbrahim Zahidi Geylaninin ən məşhur dərgahı bu kənddə idi.

1043-cü ildə tikilmişdi və bütün Şərqə səs salmışdı. "İrəmi-Xəlvətiyyun" kimi tanınırdı bu ocaq.

"Yoldaş yurdu" da deyirdilər.

Sufiliyin ən mübhəm, ən üstün məqamlarından biri Yoldur.

Yola çıxan, Yolundan çıxmayıb Yolu gedənin yoldaşı ola gərək.

Yoldaş kəlməsi sufilər üçün ziqiymətdi, namü-dəyərdi, çox önəmli idi.

"Beş yoldaşım, beş pirim, beş ürəyim var orada" deyən Yunus Əmrə məhz Azərbaycanı deyirdi.

"Öncə rəfiq, sonra təriq" söyləyib Karamandan Təbrizə yollanan, oradan da Qaxa, Gilani dərgahına gələn Yunus "Yoldaş güzgü misalı - Yolu tanıdar gedənə" söyləmişdi.

"Gedirəm ocağa, Tur dağında Mövlamı çağıran Musa təki bir Hızır araram" demişdi şeyx Yunus.

O kəs ki, "Ərənlərin himmətini mən mənə yoldaş eyləyəm" nəfəsini "hu" təki təkrarlayırdı Təbrizdən Qaxa gələnədək. "Tənim dəxi, canım dəxi heç bilmədi Ənəl Həqqi,

İndiyədək bilmədisə, indən geri tuş eyləyəm" - Yunusdu bunu deyən.

1290-cı ilin mart ayının ortalarında Təbrizdən çıxan şeyx Yunus "Şəhriyarımdan, şəhərlər sultanından çıxdım, Sultanların məkanı Gaha gedirəm" demişdi ərdəbilli müridi İbrahimə, əlindən öpən gəncə.