DİM builki Prezident təqaüdçüləri barədə statistik məlumatları açıqladı


Digərləri 10 Sen 2019 11:19:00 193 0

DİM builki Prezident təqaüdçüləri barədə statistik məlumatları açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) Prezident təqaüdçüləri haqqında ümumi statistik məlumatları açıqlayıb.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) Prezident təqaüdçüləri haqqında ümumi statistik məlumatları açıqlayıb. Mərkəzdən Trend-ə bildirilib ki, bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 27 müxtəlif şəhər və rayonlarını təmsil edirlər. Təqaüdçülərin demək olar ki, yarısı regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən 8 nəfər kənd məktəblərinin məzunlarıdır), 1 nəfər internat tipli məktəbdən, 5 nəfər bir valideyni olmayan ailədən, eləcə də hərbçi, həkim, müəllim, aşpaz, balıqçı, satıcı və s. ailələrdən olan məzunlardır. Siyahıda olan 30 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur. Təqaüdçülərdən 47 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Sumqayıtda yerləşən məktəblərin məzunlarından 8, Abşeron, Biləsuvar, Naxçıvanda yerləşən məktəblərin hər birindən 4 nəfər olmaqla bilik öncüllərini siyahıda görmək olar. Ümumilikdə 5 nəfər isə işğal altında olan rayonlara aid məktəblərin məzunlarıdır. Ayrıca məktəblərə gəldikdə isə, Bakı Türk liseyinin (Türkiyə Dəyanət Vəqfi) 6, Akademik Zərifə Əliyeva adına liseyin 5, Biləsuvar rayonu M. İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksinin 4, Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyinin 4, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 3 məzunu Prezident təqaüdçüləri siyahısındadır.