Əli Əhmədov: Terrorizmin aradan qaldırılması İCAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələdir


Digərləri 07 Sen 2019 10:28:00 226 0

Əli Əhmədov: Terrorizmin aradan qaldırılması İCAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələdir

Etiraf etmək lazımdır ki, terrorizm kimi hadisələr bütövlükdə Asiya siyasi mədəniyyətinə xas olan hal deyil.

Bakı. Elçin Mehdiyev – Etiraf etmək lazımdır ki, terrorizm kimi hadisələr bütövlükdə Asiya siyasi mədəniyyətinə xas olan hal deyil. Lakin təəssüf ki, terrorizmin Asiya qitəsində insanlara gətirdiyi bəlaları görməmək mümkün deyil. Əminəm ki, İCCAP bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində öz üzərinə düşən missiyasını lazımınca yerinə yetirə bilir. Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP – İnternational Conference of Asian Political Parties) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasının açılışında çıxış edərkən deyib. Ə.Əhmədov vurğulayıb ki, bütövlükdə Asiya regionunda bu və ya digər xarakterli siyasi problemlərin müzakirə olunması nöqteyi-nəzərindən bu konfrans əhəmiyyətli platformanı təşkil edir. Baş nazirin müavini bildirib ki, cəmiyyətin və bəşəriyyətin gələcəyini Asiya ölkələrində bu gün müşahidə olunan inkişafdan ayrı təsəvvür etmək mümkün deyil: “Regionda olan ən böyük qitə dünyanın iqtisadiyyatına, inkişafına böyük töhfələr verir. Gələcək inkişaf nöqteyi-nəzərindən böyük potensial olaraq özünü təqdim etməkdədir. Asiya bir çox təzadlarla müşahidə olunan regiondur. Bir yandan yüksək inkişaf getdiyi yerdə, digər tərəfdən inkişafın geridə qaldığı hallar da narahatlıq yaradan dərəcədə özünü göstərir. Bir yanda böyük zənginlik olduğu kimi, digər tərəfdən yoxsulluq mövcuddur. Bu da bütövlükdə Asiya regionunun rəngarəng politraya sahib olduğunu göstərir”. Ə.Əhmədov vurğulayıb ki, Asiyanın bugünkü reallıqlarını müzakirə etməklə yanaşı, ölkələri narahat edən problemlər üzərində diskussiyaların aparılması regionun gələcək inkişafı ilə bağlı layihələrin hazırlanmasında konfransın üzərinə böyük iş düşür: “Xüsusilə də gənclər və qadınlar problemini ayrıca vurğulamağa ehtiyac var. Asiya ölkələri üçün xarakterik olan məsələlərdən biri də əhalinin dinamik artımı ilə bağlı onun tərkibində gənc insanların xüsusi çəkisinin yüksək olması ilə əlaqədardır. Bu da İCAPP-ın fəaliyyətində gənclərlə bağlı görülməli olan işlərin nə qədər əhəmiyyətli olduğundan xəbər verir. Demokratiyanın, insan haqlarının, siyasi plüralizmin inkişafı istiqamətində İCAPP-ın böyük rolunun olması mümkündür. Hesab edirəm ki, regiona daxil olan ölkələrin inkişafının təmin edilməsinin çox ciddi şərtlərindən biri siyasi plüralizmin inkişaf etdirilməsi, demokratiyanın, insan haqlarının inkişaf etdirilməsinə dəstək verilməsi ilə bağlıdır. Bir yandan iqtisadi potensialın daha da gücləndirilməsi, texnoloji inkişafın təmin edilməsi, digər tərəfdən bölgədə müşahidə olunan böyük fərqlə geridə qalma İCAPP-ı düşündürən, diskussiyaya səbəb olan cəhətlərdən biridir. Bizi narahat edən, bütövlükdə region üçün problemə çevrilən terrorizm kimi halların aradan qaldırılması da yəqin ki, İCAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələlərdir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin