İstanbulda Sakit Məmmədovun böyük sərgisi açılıb (FOTO)


Digərləri 05 Sen 2019 16:23:06 232 0

İstanbulda Sakit Məmmədovun böyük sərgisi açılıb (FOTO)

Sakit Məmmədovun əsərləri "SOCAR Türkiyə"nin dəstəyi ilə İstanbul sənətsevərlərinin qarşısına çıxıb.

Bakı. Azərbaycanın görkəmli rəssamı, İngiltərə Kraliçası II Elizabetin sənətinə böyük dəyər verdiyi dünya şöhrətli fırça ustası Sakit Məmmədovun əsərləri "SOCAR Türkiyə"nin dəstəyi ilə İstanbul sənətsevərlərinin qarşısına çıxdı. "SOCAR Türkiyə"dən Trend-ə verilən məlumata görə, opalizm üslubunun əsasını qoyan məşhur rəssamın əsərləri 5 sentyabr - 5 oktyabr 2019-cu il tarixləri arasında “Tophane-i Amire Kültür ve Sanat Merkezi”ndə (Mədəniyyət və İncəsənət Mərkəzində) nümayiş olunacaq. Azərbaycan və Türkiyə arasında əsrlər boyu davam edən qardaşlıq münasibətlərini iqtisadiyyatdan sosial və mədəni sahələrə də daşıyan "SOCAR Türkiyə" Sakit Məmmədovun İstanbuldakı sərgisi ilə incəsənətə verdiyi dəstəyi davam etdirir. Azərbaycanın ən tanınmış rəssamlarından biri olan Sakit Məmmədovun "Opalizm" adlı sərgisini 5 sentyabr - 5 oktyabr 2019-cu il tarixləri arasında İstanbulda “Tophane-i Amire Kültür ve Sanat Merkezi”nin “Beş Kubbe” zalında ziyarət etmək olar. "SOCAR Türkiyə"nin sponsorluğu və Murat Pilevnelinin koordinatorluğu ilə təşkil edilən sərgidə 160-dan çox əsər nümayiş olunur. Girişi pulsuz olan sərgidə nümayiş etdirilən tablolar, habelə özünəməxsusluğu ilə diqqət çəkən rəssamın sənətini əks etdirən kitabı da "SOCAR Türkiyə"nin dəstəyi ilə oxuculara təqdim edilir. Türkiyənin ən böyük xarici sərmayədarı olaraq "SOCAR Türkiyə" təkcə ölkə iqtisadiyyatında deyil, həm də sosial və mədəni sahələrdə də əhəmiyyətli işlər görür. "SOCAR Türkiyə"nin Korporativ Əlaqələr müdiri Murat LeCompte belə deyir: "Bizim üçün hər iki ölkənin təkcə iqtisadiyyatına deyil, incəsənət və mədəniyyət baxımından cəmiyyətinə də töhfə vermək çox əhəmiyyətlidir. Azərbaycan və Türkiyənin ortaq dəyərlərini yaşatmaq və bu daimi dəyərləri daha yüksək səviyyələrə çatdırmaq üçün mühüm layihələr həyata keçiririk. Bu çərçivədə Azərbaycanın canlı əfsanəsi kimi tanınan, əsərləri ilə incəsənət dünyasına yenlik gətirən belə dəyərli rəssamı dəstəkləmək, onun əsərlərini Türkiyədə incəsənət həvəskarlarına təqdim etmək bizə sevinc bəxş edir. Məmmədovun bu sərgisində iştirak edənlər ilham verən, qeyri-adi personajların əksini tapdığı əsərlərlə fərqli dünyalara yelkən açıb sənədin ehtişamını hiss etmək fürsəti əldə edəcəklər". "SOCAR Türkiyə"nin sponsorluğu ilə həyata keçirilən layihənin koordinatoru Murat Pilevneli isə "SOCAR Türkiyə"nin mədəniyyət və incəsənət sahəsinə verdiyi dəstəyə diqqət çəkərək, belə deyib: "Ötən illərdə bir çox sərgini dəstəkləyən və onların ev sahibi olan "SOCAR Türkiyə" ölkəmizin incəsənət həyatına verdiyi töhfəni gündən-günə artıraraq, davam etdirəcək. "SOCAR Türkiyə"nin dəstəyi ilə təşkil edilən "Opalizm" adlı bu sərgi müasir Azərbaycan rəssamlıq dünyasının ən mühüm nümayəndələrindən olan Sakit Məmmədovu Türkiyəli incəsənət həvəskarlarına tanıdır. İşıq və rəngdən həddindən artıq balanslı şəkildə istifadə edən Məmmədovun rəsm əsərlərində poeziyanın ön planda olduğunu görürük. Bu sərgidə keçmişdən bu günə qədər yaratdığı əsərləri bir araya gətirərək, sənətkarı hərtərəfli tədqiq edirik".