Xaçmazda uzunluğu 35,9 kilometr olan avtomobil yolu yenidən qurulur (FOTO)


Digərləri 02 Sen 2019 13:25:00 227 0

Xaçmazda uzunluğu 35,9 kilometr olan avtomobil yolu yenidən qurulur (FOTO)

Ümumi uzunluğu 35,9 kilometr olan Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun yenidən qurulmasına başlanılıb.

Bakı. “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ümumi uzunluğu 35,9 kilometr olan Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sözügedən avtomobil yolu bir-neçə istiqamət üzrə 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bu yolun 20,5 kilometr uzunluğa malik Xaçmaz-Əbilyataq və 7,7 kilometr olan Qarğalıq kənd hissələridir, həmçinin 7 kəndin - Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin giriş yollarıdır. Giriş yollarının da ümumi uzunluğu 7,7 kilometrdir. Hazırda yeni yol yatağı inşa olunur. Bundan başqa, yolboyu zəruri olan yerlərdə sel və yağış sularının yol yatağından kənar edilməsi üçün 5 yerdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılacaq, mövcud borular isə təmir olunaraq bərpa ediləcək. Layihəyə uyğun olaraq, zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.