Qəbələdə kütləvi xalça istehsalının təşkili “Azərxalça”nın uğurlu fəaliyyətinin nəticəsidir (FOTO)


Digərləri 02 Sen 2019 12:00:00 239 0

Qəbələdə kütləvi xalça istehsalının təşkili “Azərxalça”nın uğurlu fəaliyyətinin nəticəsidir (FOTO)

Azərbaycanın şimal-qərbində yerləşən Qəbələdə qədim zamanlardan insanların əsas məşğuliyyət sahələrindən biri də xalçaçılıq olub.

Bakı. Azərbaycanın şimal-qərbində yerləşən Qəbələdə qədim zamanlardan insanların əsas məşğuliyyət sahələrindən biri də xalçaçılıq olub. Qəbələdə yaşayan toxucular Şirvan xalçaçılığını öz toxuculuq ənənələri ilə zənginləşdiriblər. Bütün bunlar nəzərə alınaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 2017-ci ildə yaradılan filiallarından biri də Qəbələ rayonunda fəaliyyətə başlayıb. ASC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yüksək zövqlə tikilən bina yerləşdiyi əraziyə xüsusi yaraşıq verir. Vahid layihə əsasında inşa olunan filial binasında toxucuların səmrəli fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Hazırda burada 60 nəfərə yaxın toxucu çalışır. Bu toxucular “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında xalçaçılığın sirlərinə yiyələniblər. Filialda əsasən Şirvan qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Burada indiyədək 570 kvadratmetr xalça toxunub. Kollektiv keyfiyyətli məhsul istehsalına xüsusi fikir verir. Toxucular bilir ki, onların ərsəyə gətirdikləri xalçalar dünya bazarına çıxarılır. Deməli, dünyada Azərbaycan xalçasının şöhrətini qorumaq üçün keyfiyyətli məhsul istehsalı əsas şərtdir. Emalatxanada toxunan xalçalar barədə danışan usta xalçaçı Rəsmiyyə Salmanova bildirir ki, “Azərxalça”nın digər filialları kimi, burada da yun, xovlu xalçalar istehsal olunur. Xalça çeşniləri Səhmdar Cəmiyyətin xalçaçı-rəssamları tərəfindən hazırlanır. Fəaliyyət göstərdiyi dövrdə filialda 170 xalça kəsilib. Emalatxanada toxunan ən böyük xalçanın ölçüsü 24 kvadratmetr olub. Uzunluğu 6, eni isə 4 metr olan bu Şirvan xalçasını peşəkar toxuculardan Xalidə Cəlalova, Xatirə Şəkərxanova və Aygün Nəsirova birlikdə toxuyublar.