"Çirkin məhsul"dan necə gəlir əldə etməli?


Digərləri 31 Avq 2019 22:04:00 325 0

"Çirkin məhsul"dan necə gəlir əldə etməli?

Ekspertlər deyirlər ki, bunun üçün ölkədə yeyinti sənayesinin inkişaf etdirilməsi vacibdir

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Adətən meyvə-tərəvəz alarkən dadı ilə yanaşı, onun görünüşünə fikir verilir. Hətta birinci, görünüş diqqət çəkir. Ona görə də məhsulu bazara çıxaranlar onu yetişdirənlərdən, görünüşü gözəl olanları alırlar. Əmtəə görünüşü yaxşı olmayan, alıcını cəlb etməyən məhsullar isə fermerlərin, kəndlilərin əlində qalır. Və bu, yetişdirilən məhsulun heç də az olmayan hissəsini təşkil edir. Ancaq o məhsullardan da səmərəli istifadə edilməsi ilə bağlı dünya təcrübəsində çox yaxşı nümunələr var. Bəs bu nümunələrdən bizdə nə dərəcədə istifadə olunur? Görünüşü gözəl olmayan məhsulların yerdə qalmaması üçün nə kimi tədbirlər görülür?

Böyük gəlirdən məhrum edən səbəb

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyir ki, meyvə-tərəvəz yetişdirənlərin öz gəlirlərindən narazı olmasının əsas səbəblərindən biri də budur: "Fermerlərdən, fəaliyyətlərinin iqtisadi baxımdan səmərəli olub-olmadığını soruşanda, əksəriyyəti "yox" cavabı verir. Bu cavabın arxasında itkilər dayanır. Kənd təsərrüfatı elədir ki, burda itkilər mütləq olur. Çünki yetişdirilmə açıq sahədə həyata keçirilir. Burda isə məhsulun keyfiyyət və kəmiyyətinə təsir göstərən iqlim amillərindən tutmuş, obyektiv səbəblərə qədər o qədər faktor var ki. Təsərrüfat mövsümünün ya əvvəlində, ya ortasında, əsasən də axırında ümumi məhsul üzrə bazarda yararsız, əmtəə görünüşündə problem olan, keyfiyyət göstəriciləri aşağı məhsul hökmən olur. Məsələn, bu il pomidor sahələrində gec yetişmə baş verdi. Bəzi sortlar var ki, optimal müddətdə yetişə bilməyəcək və kal pomidorlar sahələrdə qalacaq".

N.Nəsirli bildirdi ki, əvvəllər kəndli, fermer məhsulunun itkiyə getməməsinin qeydinə özü qalırdı: "Əvvəllər məhsulu yetişdirənlər satışa getməyən hissəsinin xarab olmaması üçün mütləq çıxış yolu tapırdılar. Bişirirdilər, qurudurdular və s. Hazırda ildə Azərbaycana 5 min tondan çox quru meyvə idxal edilir. Bizdə də yerdə qalan o meyvələri qurutmaq olar. Qurumuş meyvə-tərəvəz sənayesi qurmuş ölkələr heç də müasir texnologiyalardan istifadə etmirlər. Əsasən köhnə ənənələrə söykənərək bu işi görürlər. Birinci problem odur ki, kənd yerlərimizdə insanlar bu vərdişləri itiriblər. Əldə qalan məhsulu yığıb cemə çevirməyə, əlavə bir məhsul yaratmağa maraqlı deyillər. Regionlarda bunu o adamlar edirlər ki, onların müəyyən xidmət sahələri - restoran, kafelərlə əlaqələri var, hazırlayıb onlara satırlar. Ümumilikdə, bu sahədə əvvəlki vərdiş yoxdur. Fermer və ailə təsərrüfatları başa düşməlidirlər ki, bu itki ilə çox böyük gəlirdən məhrum olurlar".

Böyük çaplı emal müəssisələri azdır

N.Nəsirlinin sözlərinə görə, konserv zavodları çox olsa və o zavodlar daha çox çeşiddə məhsul istehsal etsələr, bu, problemin həllində böyük paya sahib olar: "Ümumilikdə, ölkə üzrə tədarük sistemindən danışırıqsa, burda böyük həcmdə məhsul yetişdirilir. Bizdə bir mövsümdə təqribən 130 çeşiddən çox məhsul formalaşır. Onların içərisində meyvə də var, tərəvəz də. Onların hamısının tədarük olunaraq emala yönəldilməsi mümkündür. Amma burda hökmən bir iqtisadi mexanizm olmalıdır. İlk növbədə bu qədər məhsulu qəbul edə biləcək konserv zavodlarına ehtiyac var. Xaçmazda 1, Lənkəranda 2 konserv zavodu var. Ümumilikdə, ölkə üzrə 4-5 zavod olar. Böyük çaplı emal müəssisələri azdır. Emal müəssisələri olmalıdır. Daha bir problem də, emal müəssisələrinin bir istiqamətdə formalaşmasıdır. Deyək ki, Xaçmaz konserv zavodu yalnız cem istehsal edir. Bizim emal müəssisələrində qida texnoloqlarına ehtiyac var. Xarici ölkələrə getdiyimizdə görürük ki, xeyli çeşiddə məhsullar hazırlayırlar. Yaşı, qurusu, yeməyə əlavələr və s. hazırlayırlar. Bəzən zavodlardan, niyə insanların məhsulunu götürmədiklərini soruşanda deyirlər ki, yetərli qədər götürmüşük. Onlar bir məhsul çeşidi üzrə nəzərdə tuturlar. Tutaq ki, konserv zavodu planı doldurub, yetərli qədər cem istehsal edib. Ancaq almadan başqa məhsullar da hazırlamaq mümkündür axı. Texnologiyalar tətbiq etmirlər. Böyük vəsait qoyulub, iri bir emal müəssisəsi qurulub, geniş kollektiv yığılıb, illərlə təcrübələri var, lakin iki-üç məhsulun üzərində formalaşıblar. Qida texnoloqlarını cəlb etsələr, məhsullarının çeşidlərini artırsalar, kəndlinin məhsulu əlində qalıb itkiyə getməz".

N.Nəsirli deyir ki, emal müəssisələri, çeşid sayını artırmamaqlarına səbəb kimi bazarda tələbat olmamasını göstərirlər: "Emal müəssisələri deyirlər ki, bazar bunu qəbul etmir. Amma istehsalçı bir növ istehlakçının zövqünü formalaşdırmalı, maraqlı məhsullar təqdim etməlidir ki, bir az zarafatla desək, marketdə müştərinin iştahası çəksin, alsın. Bir növ cem istehsal edirlər, müştərinin seçimi olmur. Bu günlərdə İranda idim, baxdım ki, bir zeytundan nə qədər çeşid məhsul hazırlayıblar. Onlar da cem bişirirlər, ancaq fərqli çeşidləri çoxdur. Onları almamaq mümkünsüz, özünü saxlaya bilmirsən. İnsanı almağa, yeməyə təşviq edirlər".