Direktor olmaq istəyən daha 114 namizəd müsahibə mərhələsində iştirak edəcək
Digərləri 28 Avq 2019 14:34:00 243 0
Bu gün dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə müsahibə mərhələsinə başlanılıb.
Son.az Trend-ə istinadən bildirir ki, bu mərhələdə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 114 namizədin iştirakı nəzərdə tutulur. Sözügedən rayonlar üzrə müsahibələr avqustun 30-dək davam edəcək.
Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.
Qeyd edək ki, 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. Sənəd qəbulu zamanı 3403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib.
Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1643 nəfər iştirak edib.