KOBİA-da daxili bazar araşdırmaları ilə bağlı tədbir keçirilib (FOTO)


Digərləri 28 Avq 2019 13:53:41 190 0

KOBİA-da daxili bazar araşdırmaları ilə bağlı tədbir keçirilib (FOTO)

Daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizminin icrasına cəlb edilməsi məqsədilə məsləhətçi şirkətlər üçün tədbir təşkil edilib

Bakı. Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərindən müraciətlərin qəbuluna başlanılıb. Agentlikdən Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlərə əsasən müvafiq bazar araşdırmalarının KOBİA-nın sifarişilə ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər, o cümlədən konsaltinq şirkətləri tərəfindən hazırlanması nəzərdə tutulur. Bu məqsədlə avqustun 28-də KOBİA-da yerli və xarici hüquqi və fiziki şəxslərin daxili bazar araşdırmaları ilə bağlı məlumatlandırılması üçün tədbir keçirilib. Yerli və xarici məsləhətçi şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə daxili bazar araşdırmalarının aparılmasına dair tələblər və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.