Bu il 5 yaşlı uşaqların 90 faizi məktəbəhazırlıq qruplarına cəlb olunacaq


Digərləri 26 Avq 2019 11:48:00 169 0

Bu il 5 yaşlı uşaqların 90 faizi məktəbəhazırlıq qruplarına cəlb olunacaq

Bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı bütün respublika üzrə elektron qaydada həyata keçiriləcək.

Bakı. Elçin Mehdiyev – Bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı bütün respublika üzrə elektron qaydada həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev deyib. O bildirib ki, ərizələrin onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumi təhsil məktəbləri, o cümlədən məcburi köçkün məktəbləri və ümumi təhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edəcək. F.Həmzəyevin sözlərinə görə, ilk illərdə məktəbəhazırlıq qruplarına qəbul 55%, növbəti illərdə 65-75% təşkil edib: "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Milli Strategiyası”nda 2020-ci ildən məktəbəhazırlıq qruplarına qəbulun 90 faizə çatdırılması nəzərdə tutulub. Bu istiqamətdə ardıcıl işlər aparılır". Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva isə bildirib ki, məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçiriləcək: "Məktəbəhazırlıq qruplarına təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan və bu il 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Qruplarda məşğələlərin aparılması, bir qayda olaraq, bu sahədə davamlı iş təcrübəsi olan, həmin tədris ilində IV sinifdə dərs deyəcək və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur".