Şairə xanım Firudin Qurbansoya səsləndi: "İnsanların haqqına girməkdən qorxun!"


Digərləri 24 Avq 2019 12:29:00 205 0

Şairə xanım Firudin Qurbansoya səsləndi: "İnsanların haqqına girməkdən qorxun!"

Son.az Kulis.az-a istinadən şairə Adilə Nəzərin filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun verdiyi müsahibədə səsləndirdiyi fikirlərə münasibətini təqdim edir.

Firudin Qurbansoyun İsa Muğanna haqqında müsahibəsini soyuqqanlılıqla oxumaq olmur. Oxudum və utandım, amma bundan sonra onu oxumamamqdan utanmayacağam...

Bizim İnstitutda (Azərbaycan Respublikası Təhsil İnstitutu) bir vaxtlar İsa Hüseynovun (Muğanna) qohumu işləyirdi, sonra işdən çıxdı. Onun otağında hələ o vaxtlar yazıçının portretini görmüşdüm. Firudin bəyin müsahibəsini oxuyandan sonra fikrimdən keçdi ki, görəsən, o şəkil yenə oradadır, yoxsa yeni gələn əməkdaş harasa atıb? Gedib baxdım... O şəkli yerində görmədim, amma nikbinliklə fikirləşdim ki, portret bu köhnə otağa sığmadığı üçün onu sevən, onun böyük dəyərini qiymətləndirən ürəklərə köçüb...

Amma yenə də nəzərimdə canlandı: -

Gözləri dolmuşdu tozlu çərçivədəki İsa Muğannanın...

İnanca həqarət, əməyə hörmətsizlik, dəyərlərin kirlədilməsi... hamısı hüzn adında birləşib çökmüşdü kişinin üzünə...

Qayıdaq məlum müsahibəyə. Firudin bəyin dediklərinə bir də diqqət yetirək. Sovet dövrü Nəsimini, Nizamini, Füzulini niyə təbliğ edirdilər? sualına cavabı: "Onların yaradıcılığında ateizm məqamları tapırdılar. Əslində, ateizm məqamları yoxdur. Sadəcə olaraq, hərfi mənada elə başa düşürdülər. Məsələn, içkini, meyi, şərabı natural mənada başa düşürdülər ki, yəni bütün klassiklər vurublar. Halbuki, dillərinə qətiyyən dəyməyib. Nə Nizaminin, nə Füzulinin. Nizami and içib ki, Allaha and olsun, yaşım 60-a çatır, şərab içməmişəm."

Bu qədər ciddi mövzu haqqında, üzr istəyirəm, adam rəsmən çayxana söhbəti eləyir.

"Belə baxanda filmin heç bir mənası yoxdur. Çünki ssenarist də, rejissor da bu mövzunu bilmirdi. Mövzudan uzaq olan adamlar nə yazıb, nə çəkə bilərlər ki?! Həsən Seyidbəyli də bilmirdi Nəsimi yaradıcılığını. Aktyor ansamblı, hətta məsləhətçilər də bilmirdi", - deyir.

Sual çıxır ortaya, bəs kim bilirdi? Azərbaycanda Nəsimini, ümumiyyətlə, din tarixini bilənlər dəvət olunmuşdu o filmin çəkilişinə, onların məsləhətlərilə ərsəyə gəlmişdi o film.

Unutmayaq ki, Sovet dövründə, məlumatların az olduğu vaxtda, bütün arxivlərin üzümüzə bağlı olduğu bir zamanda yazılıb bu əsər. Əldə olunan bütün tarixi materiallara əsaslanaraq bu qədərini yazıb ortaya çıxaran yazıçı dahidir.

İnanıram ki, müəllif Nəsimi haqqındakı fikirlərinin yarısını öz təxəyyül gücünün hesabına yazıb. Çünki İsa Muğanna filosofdur. Bütün dini kitabların tövsiyə etdiklərinin üstündə olan HƏQİQƏTi dərk edən biri Nəsimini dərk etməyə bilməzdi. Eyni zamanda onun da yaradıcılığının əsasını eynən Nəsimi kimi insan problemi təşkil edirdi. Onların hər ikisinin bədii təfəkküründə insanın real həyatda təbiətlə əlaqələrinə, aralarındakı qarşılıqlı münasibətlərə geniş yer verilirdi. Fikirlərində insan zəkasının nələrə qadir olduğu, amma fərdi, subyektiv mənfi keyfiyyətləri ilə cəsarətsizliyi ucbatından gözəlliklərdən məhrumluğun ağrısı ifadə və təsvir olunur. Nəsimidə olduğu kimi, İsa Muğannada da ictimai hadisələri öyrənməklə, doğru nəticə və qərar çıxarmaqla, ob­yektiv aləmi öyrənməklə insanlara yol göstərilir, onların təbiət, cəmiyyət və insan haqqındakı düşüncələri tənzimlənir, əxlaq, mədəniyyət, sülh, humanizm və s. bu kimi milli və yüksək bəşəri ideyalar formalaşdırılır.

Baxın, yazıçı Qılınc Qurban, İsfəndiyar kişi və b. qəhrəmanlarının timsalında insanın xarakter və düşüncələrini, psixologiyasını xalq düşüncəsi ilə necə bağlamağa çalışır. Kollu Koxa obrazı ilə insanın daxili aləmini açaraq onları kamilləşməyə çağırır.

Sanki, Nəsimi bu obrazın dili ilə yazmışdı əsrlər öncə bu kəlamlarını:

Bir ovuc tozdur küləklər qarşısında bu bədən,

Ömrümüz qor tək ərir hər an günəşdən, şölədən.

İnsan üçün mərifətdən özgə yoxdur bir bəzək,

Aqil insan zər üçün öz ömrünü verməz hədər.

***

Ol əli kəsgil, buraxgil xeyri yoxdur, şərri çox,

Dutgil imdi ol əli kim, xeyrilə ehsan bitər.

Yüzlərlə belə misallar gətirməklə müqayisə etmək olar ki, İsa Muğannanın yaradıcılığındakı insan probleminin Nəsimi fəlsəfəsi ilə səsləşdiyinin sübutu olsun.