Tələbələr Bakıda kirayə ev tapmırlar Qiymətlər də "günahkar" deyil


Digərləri 23 Avq 2019 15:29:00 382 0

Tələbələr Bakıda kirayə ev tapmırlar  Qiymətlər də "günahkar" deyil

Yeni dərs ilinin başlanması ərəfəsində kirayə mənzil bazarında canlanma yaranıb. Əmlak ekspertləri artıq Bakının bəzi ərazilərində mövsümlə əlaqədar kirayə qiymətlərində 15-20 faizlik bahalaşmanın müşahidə edildiyini bildirirlər.

Son.az bildirir ki, Sputnik Azərbaycan-ın apardığı kiçik araşdırma zamanı isə ali məktəblərə qəbul ərəfəsi əksər valideynlərin paytaxtda kirayə ev tapmaqda çətinlik çəkdikləri üzə çıxıb.

Rieltor Sarvan Kərimov son günlər onlara müracət edənlərin mütləq əksəriyyətinin tələbə olduğunu söyləyib. O, bildirib ki, ailəli şəxslərə kirayə ev verənlər çox olsa da, tələbə adı gələndə ev sahibləri "daş atıb, başlarını tuturlar": "Ailəli şəxslərə boş kirayə mənzil tapmaq daha asandır. Əsl problem tələbələrə kirayə mənzil tapmaqdadır.

Öncə qeyd edim ki, qiymətlər son 15 gündür ki, xeyli bahalaşıb. Kirayə mənzil axtaran tələbələrin çoxu metro stansiyalara yaxın ərazilərdən ev istəyirlər. Metro yaxınlıqlarında isə boş kirayə mənzil tapmaq müşkül məsələdir. Boş olanların qiyməti isə tələbələrin cibinə uyğun deyil.

Bu gün ən bahalı kirayə mənzillər şəhərin mərkəzində və metro yaxınlığında olan mənzillərdir. Problemin digər tərəfi isə tələbələrə ev vermək istəyənlərin az olmasıdır. Tələbə qızlara ev tapa bilsək də, oğlan tələbələri heç bir kirayənişin götürmək istəmir. Ona görə də hələ elə valideynlər var ki, övladlarına kirayə mənzil tapa bilməyiblər".

S. Kərimov deyir ki, bu gün "Xətai" metro stansiyasının yaxınlığında kirayə mənzillərin qiyməti 450-550 manat arasıdır. Paytaxtın Yasamal rayonu ərazisində qiymətlər 650-1000, Nərimanov rayonunda 600, Nizami rayonunda 450, Binəqədi rayonunda 400, "Sahil" metro stansiyası ətrafında isə 1500 manatdan başlayır.

Həmsöhbətimiz bildirir ki, hazırda qismən ucuz kirayə mənzillər Bakıətrafı qəsəbələrdədir. Rieltorun sözlərinə görə, bəzi ərazilərdə kirayə mənzillərə tələbatın artması ilə əlaqədar kirayə qiymətləri 80-150 manat arası bahalaşıb.

O, kirayə mənzil bazarında qiymət artımının yeni tikililərdəki mənzillərin kirayə verilməsi ilə də əlaqəli olduğunu söylədi. S. Kərimov deyir ki, bir neçə il öncə yeni tikililərdə kirayə mənzillərin payı çox az idi. Paytaxtda köhnə tikililər söküldükcə, yeni yaşayış binalarının kirayə mənzil bazarında payı artır. Bu isə qiymətlərə təsirsiz ötüşmür: "Köhnə binalarda kirayə mənzillər daha ucuz idi. Yeni tikililərdə kommunal xidmət haqları baha olduğundan, bu mənzilin kirayə qiymətinə təsir edir".

Mənzil bazarı üzrə ekspert Ramil Osmanlı isə kirayə mənzil bazarında qiymət artımının hər il tədris ili ərəfəsi qeydə alındığını söyləyir. Onun sözlərinə görə, bu hər il üçün xarakterik məsələdir: "Bu il də eyni vəziyyət müşahidə olunur. Çünki avqustun ikinci ongünlüyündə tələbələrin hansı ali məktəbə qəbul olduğu müəyyənləşir. Hər il analoji vəziyyətin müşahidə olunması tələbə yataqxanaları probleminin həll olunmadığını ortaya çıxardır".